Bu gün:

Səs-küy sağlamlığa təsir edir


Bəzən səs - küy başımızı ağrıdır. Səs - küy çirkliliyinin fəsadları isə bununla bitmir.

ABŞ-də aparılan bir araşdırmaya görə təyyarə və ya təcili yardım kimi müntəzəm təkrarlanan səs-küy yalnız bezdirici deyil. Eyni zamanda, hipertoniya, insult və infarkt kimi problemlərə yol açır.

Eşitməni qorumaq üçün səs-küylü mühitlərdən uzalaşmaq tövsiyə olunur

Amerikanın "New York Times" qəzeti səs-küyün bədənə təsirlərini araşdırmaq üçün 30-dan çox alimlə məsləhətləşib. Qulaqlardan bədənə daxil olan narahatedici səslər beynin stress qavrayış mərkəzinə gedir. "Amigdala" adlanan bu nahiyə səslə həddindən artıq həssaslaşır. Bədənin stress hormonları olan kortizol, adrenalin və digər kimyəvi maddələr daha artıq dövr edir. Sinir sistemində hiperaktivlik müşahidə olunur, ürək döyüntüsü sürətlənir, qan təzyiqi yüksəlir. Bu dəyişikliklər zamanla infarkt və insult riskini artıraraq hipertoniyaya və damarların tıxanmasına səbəb ola bilər.

Ürək xəstəliklərinə səbəb olur

ABŞ-nin Massaçusets ştatından olan tədqiqatçılar, səs-küylü ərazilərdə yaşayan yüzlərlə xəstənin beynini skan etdi. Nəticədə bu insanların 5 il ərzində ciddi ürək xəstəliklərinə səbəb olacaq yüksək aktiv amigdalalara sahib olduqlarını aşkar etdilər. Üstəlik, səs-küy ani infarktlara səbəb olur.

40 desibeldən yuxarı səs təhlükəlidir

Sağlamlığın qorunması üçün gecələr 40 desibeldən daha sakit yerlərdə yatmaq tövsiyə edilir. Küçə nəqliyyatının səsi 69 desibelə, saç feninin səsi isə 87 desibelə çata bilir. Təyyarənin səs-küyünün məqbul səviyyəsi 45 desibeldir. Ancaq yola və hava limanına yaxınlaşdıqca bu göstərici artır. ABŞ-də on il ərzində 4 milyondan çox insanla aparılan araşdırmada 35 desibel ən aşağı hədd kimi qəbul edilib. Nəqliyyat səs-küyünün hər 10 desibel artması infarkt dərəcələrini 4,3 faiz artırır.

Mənbə: Hürriyet

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş