Bu gün:

Süni intellektlə işləyən sonar texnologiyası


“ABŞ”-nin Texas ştatı bu yaxınlarda şiddətli daşqınla böyük bir təbii fəlakət yaşayıb. Onlarla insanın həyatına son qoyan, yüzlərlə insanın itkin düşməsinə səbəb olan bu hadisə yalnız humanitar deyil, həm də texnoloji sınaq olub. Bu çətin dönəmdə süni intellektlə işləyən sonar texnologiyalarının ənənəvi axtarış və xilasetmə metodlarına inteqrasiyası vacib dönüş nöqtəsi kimi qiymətləndirilib.


Daşqından sonra yeni nəsil axtarış texnologiyalarının tətbiqi

Ənənəvi üsullar, xüsusən də çay yataqları, bulanıq su, çöküntü sıxlığı və aşağı görünmə şəraitində effektivliyini itirə bilər. Belə hallarda süni intellektlə təchiz olunmuş sonar sistemləri sualtı siqnalları təhlil edərək insan gözü ilə görülməsi mümkün olmayan detalların aşkarlanmasına imkan verir.

Acquia sistemi: süni intellektlə təkmilləşdirilmiş aşkarlama texnologiyası

İstifadə olunan əsas sistemlərdən biri olan Acquia təkcə sonar siqnalları göndərməklə kifayətlənmir, həm də süni intellekt alqoritmləri vasitəsilə daxil olan siqnalları təhlil edərək potensial insan cəsədlərini və digər obyektləri müəyyənləşdirə bilir. Sistemin fərqləndirici xüsusiyyəti mürəkkəb məlumat axınında mənalı fərqləri ayırd etmək bacarığıdır. Hətta sualtı axınlar, çöküntülər və bulanıqlıq kimi çətinliklər belə sistemin analiz imkanlarını məhdudlaşdırmır.

Ağıllı sistemlər artıq axtarış və xilasetmənin bir parçasıdır

“Acquia”-nın əsas üstünlüklərindən biri də öyrənə bilən strukturudur. Hər yeni skanla sistem özünü təkmilləşdirir və oxşar ssenarilərdə daha yüksək dəqiqliklə nəticələr verir. Bu cür texnologiyalar ənənəvi üsullarla birlikdə tətbiq edildikdə, axtarış və xilasetmə əməliyyatlarının effektivliyi əhəmiyyətli dərəcədə artır.

Texnologiyanın gələcəyi: daha geniş yayılma gözlənilir

Texasda baş verən faciə texnologiyanın bu sahədəki potensialını bir daha üzə çıxarıb. Dronlar, xilasedici itlər, qayıqlar və helikopterlərlə yanaşı çalışan süni intellekt əsaslı sonar sistemləri xüsusilə su altında itkin düşənlərin sürətli və dəqiq şəkildə aşkar olunmasına imkan verib. Mütəxəssislər hesab edirlər ki, bu cür sistemlər yaxın gələcəkdə təkcə “ABŞ”-də deyil, bütün dünyada axtarış və xilasetmə əməliyyatlarının standart hissəsinə çevriləcək.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et