Bu gün:

Psixoterapiya növləri: Hansı metod kimə uyğundur?


Psixoterapiya nəzəriyyəsi psixoloqlar üçün bir yol xəritəsi kimi çıxış edir: bu onlara pasiyentləri və onların problemlərini anlamaqda, həmçinin həll yolları hazırlamaqda bələdçilik edir.

Psixoterapiyaya yanaşmalar beş əsas kateqoriyaya bölünür:

• Psixoanaliz və psixodinamik terapiyalar

Bu yanaşma problemli davranışları, hissləri və düşüncələri onların şüuraltı mənalarını və motivasiyalarını aşkar edərək dəyişdirməyə yönəlib. Psixoanalitik yönümlü terapiyalar terapevt və pasiyent arasında sıx əməkdaşlıq münasibəti ilə xarakterizə olunur. Pasiyentlər terapevtik münasibət içindəki qarşılıqlı əlaqələrini araşdıraraq özləri haqqında öyrənirlər. Psixoanaliz Ziqmund Freyd ilə sıx əlaqələndirilsə də, onun ilkin fikirlərindən sonra bu yanaşma genişləndirilib və dəyişdirilib.

• Davranış terapiyası

Bu yanaşma normal və qeyri-normal davranışların inkişafında öyrənmənin roluna diqqət yetirir.

* İvan Pavlov davranış terapiyasına mühüm töhfələr verərək klassik şərtləndirməni (assosiativ öyrənmə) kəşf edib.

* "Desensitizasiya" klassik şərtləndirmənin nümunəsidir: məsələn, terapevt fobiya yaşayan bir insana təşvişə səbəb olan şeyə təkrar-təkrar məruz qalmaqla kömək edə bilər.

* Digər mühüm şəxsiyyət isə E.L. Thorndike olub; o, operant şərtləndirməni kəşf edib. Bu tip öyrənmə insanların davranışlarını mükafat və cəzalar vasitəsilə formalaşdırır.

* 1950-ci illərdən etibarən davranış terapiyasının bir neçə variasiyası yaranıb. Bunlardan biri kognitiv-davranış terapiyasıdır. Bu həm düşüncələrə, həm də davranışlara yönəlir.

• Kognitiv terapiya

Kognitiv terapiya insanların nə etdiklərindən çox, nə düşündüklərinə önəm verir.

* Kognitiv terapevtlər hesab edirlər ki, disfunksional düşüncələr disfunksional emosiyalara və ya davranışlara səbəb olur. Düşüncələrini dəyişməklə insanlar necə hiss etdiklərini və nə etdiklərini dəyişə bilərlər.

* Bu sahənin əsas fiqurlarına Albert Ellis və Aaron Beck daxildir.

• Humanist terapiya

Bu yanaşma insanların rasional seçim etmək və maksimum potensiallarına çatmaq qabiliyyətlərini vurğulayır. Başqalarına qarşı qayğı və hörmət də mühüm mövzulardır.

* Jan-Pol Sartr, Martin Buber və Søren Kierkegaard kimi humanist filosoflar bu terapiya növünə təsir ediblər.

* Üç növ humanist terapiya, xüsusilə təsirlidir:

1) Müştəri-mərkəzli terapiya terapevtləri pasiyentlərin daxili təcrübələrində mütəxəssis kimi görmək fikrini rədd edir. Bunun əvəzinə, terapevtlər qayğı, maraq və diqqətlərini vurğulayaraq dəyişiklik prosesində pasiyentə kömək edirlər.

2) Gestalt terapiyası "orqanizmin bütövlüyü" anlayışını – indi və burda olmağın, və öz məsuliyyətini qəbul etməyin vacibliyini ön plana çəkir.

3) Ekzistensial terapiya isə azad iradə, özünü müəyyən etmə və həyat mənası axtarışına yönəlmişdir.

• İnteqrativ və ya holistik terapiya

Bir çox terapevtlər özlərini tək bir yanaşma ilə məhdudlaşdırmırlar. Əvəzində, fərqli yanaşmalardan elementləri birləşdirərək hər bir pasiyentin ehtiyaclarına uyğun müalicə tətbiq edirlər.

Mənbə: American Psychological Association

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et