Bu gün:

Məşhur London filmləri


Filmlər və televiziya şouları Birləşmiş Krallığın paytaxtı haqqında parlaq, "Notting Hill" tərzi bir görüntü yaradıblar. Lena Dunham-ın yeni serialı isə amerikalıların bu ölkə barədə inandıqları stereotiplərə istehza edir.

Lena Dunham-ın yeni serialı "Too Much"da əsas qəhrəman Cessika Nyu-Yorkdan Londonda yaşamağa gələndə, özünü kənd malikanəsində yaşayacağını düşünür yəni, ekranlarda gördüyü Jane Austen və ya Bridgerton dövrünün idealik İngiltərəsi kimi. Amma əvəzində onu Londonun şərqində yerləşən bir sosial mənzil kompleksinə aparırlar. Beləliklə, Avropanı yenidən “kəşf edən” gənc amerikalı haqqında yeni bir hekayə başlayır. Amma bu dəfə "Emily in Paris"dəki kimi parıltılı geyimlər və göz qamaşdıran mənzərələr yoxdur, Cessika nəhəng mənzil blokları, çirkli pablar və tərli konsert zalları ilə qarşılaşır. Bəs bu serial müasir Londonda gerçək həyatı göstərir?

1990-cı illərdən bəri Londonda çəkilən ən uğurlu Britaniya filmləri “Notting Hill” obrazında şəhəri təqdim edib. Bu termin 1999-cu ildə Hugh Grant və Julia Roberts-in rol aldığı Richard Curtis-in filmi ilə məşhurlaşıb. Film həmin ərazini romantikləşdirib, elə ki, indi də rəngli evlər turistlər və Instagram istifadəçilərini cəlb edir. Curtis həmçinin "Bridget Jones's Diary", "Four Weddings and a Funeral" və "Love Actually" romantik komediyalarının da müəllifidir. Bu filmlərlə yanaşı "Paddington" seriyası da Londonda yerləşən, yuxarı orta sinfə məxsus parlaq bir həyat tərzini nümayiş etdirib, tez-tez şəhərin qərbindəki bəzəkli evlərdə yaşayan obrazlarla. Əlbəttə, London müxtəlif dövrlərdə fərqli şəkildə təqdim olunub. Məsələn, İkinci Dünya Müharibəsindən sonra “Passport to Pimlico” (1949) filmində bombalanan xarabalıqlar göstərilib. Və ya Stanley Kubrick-in “A Clockwork Orange” (1971) filmində Londonun sərt və qaranlıq tərəfləri, ya da “Withnail and I” (1987) kimi kult filmlərdə kədərli, xaotik London təsvir olunub. Apple TV+ serialı "Slow Horses" da şəhərin şərqində çəkilib. Amma “Notting Hill”, “Four Weddings and a Funeral” və “Bridget Jones” kimi filmlər 30 il keçməsinə baxmayaraq, beynəlxalq aləmdə hələ də məşhurdur. Bu filmlər təkcə kritik baxımdan deyil, həm də kassada böyük uğur qazanıblar. “Bridget Jones” filmləri demək olar ki, 1 milyard dollar gəlir gətirib, “Paddington” isə 750 milyon dollara yaxın. Bu səbəbdən Londona yeni gələnlərin şəhər haqqında romantik təsəvvürə sahib olması təəccüblü deyil. Kanadalı komediyaçı Katherine Ryan da “Too Much”un premyerasında etiraf edib ki, o da əvvəllər Londona fərqli baxıb. Serialda yalnız Londonda yaşayanların tanıya biləcəyi yerlər var: Shoreditch, Hackney, Hoxton, De Beauvoir Town, Camberwell və Nunhead. Cessikanın

Serialın müəllifi Lena Dunham 2021-ci ildə Londona köçüb. O deyir ki, serial onun gözləntiləri ilə reallıq arasındakı fərqə əsaslanır. “İnsanlar mənim ilk dəfə gəldiyim zaman gördüklərimi görsünlər istəyirəm, yəni, filmlərdəki Londonu. Bu da Notting Hill versiyasıdır”. O bildirir ki, “Girls” serialında da eyni metodu işlədib. Bir epizodda (adı “Notting Kill”dir) Cessika məşhur mavi qapının önündə şəkil çəkdirir, Hugh Grant-ın yaşadığı qapı ("Mən Julia Robertsem, səfeh!" deyə qışqırır). Serial Jane Austen dramlarını da parodiya edir: Cessikanın sevdiyi Felix bir anda 19-cu əsr zabiti kimi görünür – qırmızı pencək və ağ şalvarla. Bu, təsadüfi deyil, çünki “Too Much” serialının istehsalçı şirkəti “Working Title” , həmçinin, “Notting Hill”, “Love Actually”, “Bridget Jones” və “Emma” (2020) filmlərini də istehsal edib. İndi də “Sense and Sensibility” filminin yeni versiyası üzərində işləyirlər. “Əslində serialda baş verənlər bir az ironikdir, çünki lağ etdiyimiz filmləri mən istehsal etmişəm”– deyə Tim Bevan (Working Title-in rəhbəri) deyir. “Amerikalı biri gəlir və Pride and Prejudice və Richard Curtis dünyasını gözləyir, amma tamamilə başqa bir şey tapır. Bu fikir satmaq üçün çox asandır”.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et