Smartfon dünyasında rəqabət səngimədən davam etdikcə texnologiya nəhəngləri arasında strateji tərəfdaşlıqlar da diqqət çəkir. Bu əməkdaşlığın ən parlaq nümunələrindən biri “Samsung”-un Apple üçün xüsusi OLED panel istehsal xətti yaratmasıdır. Cənubi Koreyada yerləşən Samsung şirkəti “Apple”-ın çoxdan gözlənilən ilk qatlana bilən “iPhone”-u üçün tamamilə yeni istehsal xətti qurub. Bu inkişaf həm qatlana bilən telefon bazarının gələcəyi, həm də iki nəhəng brend arasındakı rəqabətli tərəfdaşlıq üçün əhəmiyyətli addım hesab olunur.

Samsung şirkəti Apple üçün xüsusi olaraq OLED panellər istehsal edəcək
Sənaye insayderlərinin məlumatına görə, Cənubi Koreyanın Cənubi Chungcheong əyalətində yerləşən “Samsung Display”-in A3 obyektində qurulan bu yeni istehsal xətti yalnız “Apple”-a xidmət edəcək. Bu o deməkdir ki, burada istehsal olunan OLED panellər başqa heç bir marka üçün istifadə olunmayacaq.
Xüsusi xəttin aylıq təxminən 35 min qatlana bilən OLED panel istehsal gücünə malik olması planlaşdırılıb. Bu isə ildə təxminən 15 milyon qatlanan displey istehsal etmək potensialı deməkdir. Bu rəqəm “Apple”-ın ilkin planlaşdırdığı istehsal həcmini xeyli üstələyir. “Apple”-ın 2026-cı ildə təqdim etməyi planlaşdırdığı ilk qatlana bilən iPhone üçün 6-8 milyon ədəd istehsal nəzərdə tutulub.
“Samsung”-un bu qədər yüksək istehsal gücünə sərmayə qoyması “Apple”-ın gələcəkdə hər il yeni qatlana bilən iPhone modelləri təqdim edəcəyinə işarə kimi dəyərləndirilir.
Qatlana bilən iPhone 2026-cı ildə təqdim ediləcək
Apple indiyə qədər qatlana bilən ekran texnologiyasına ehtiyatla yanaşan brend olub. Samsung, Huawei və Oppo kimi markalar qatlanan modellərini illər öncə bazara çıxarıb. Apple isə vaxtını alaraq texnologiyanı daha yetkin mərhələdə tətbiq etməyə üstünlük verib.
Hazırda Apple ilk qatlana bilən iPhone prototiplərini sınaqdan keçirir. Dizayn, menteşə strukturu, davamlılıq testləri və daxili aparat təhlilləri tamamlandıqdan sonra kütləvi istehsala keçilməsi planlaşdırılıb. Təqvimə əsasən, Apple 2026-cı ilin sentyabrında bu cihazı təqdim etməyi hədəfləyir.
Yeni modelin iPhone dünyasında yeni bir səhifə açacağı gözlənilir. Qatlana bilən dizayn sayəsində daha yığcam korpusda daha böyük ekran təqdim edəcək bu iPhone modelinin iPad mini kateqoriyasına da rəqib ola biləcəyi bildirilir.
Samsung və Apple: Rəqabətdə strateji tərəfdaşlıq
Smartfon bazarında qızğın rəqiblər olsalar da, Samsung və Apple uzun illərdir strateji təchizat tərəfdaşlığı da qurublar. Hazırda bir çox iPhone modelində istifadə olunan OLED ekranlar Samsung tərəfindən istehsal olunur.
Lakin “Samsung”-un indi Apple üçün tamamilə ayrıca bir istehsal xətti yaratması bu tərəfdaşlığın daha da dərinləşdiyini göstərir. Üstəlik, bu sərmayə yalnız bir neçə milyon dollarlıq kiçik xətt deyil - aylıq 35 min qatlanan OLED panel və illik 15 milyon istehsal gücünə malik böyük bir istehsalat obyektidir.
Bu, həm "Apple"-ın qatlana bilən telefon bazarına ciddi və güclü bir girişini, həm də “Samsung”-un əsas texnoloji tərəfdaş kimi rolunun artdığını nümayiş etdirir.
Qatlana bilən telefon bazarı qızışır
Son illərdə qatlana bilən ekranlı smartfonlar sürətlə inkişaf edib. “Samsung”-un Galaxy Z Fold və Z Flip seriyaları, “Huawei”-nin Mate X modelləri və “Oppo”-nun Find N seriyası bu seqmentin artıq niş olmadan geniş yayıldığını göstərir. İstifadəçilər portativ form faktorunda daha geniş ekran təcrübəsinə üstünlük verir.
“Apple”-ın 2026-cı ildə bu bazara daxil olacağı gözlənilir. “Samsung”-un Apple üçün xüsusi istehsal xətti qurması isə gələcək qatlana bilən iPhone modellərinin OLED keyfiyyəti və davamlılığı baxımından Samsung mühəndisliyinə söykənəcəyini göstərir.
Bu, “Apple”-ın “Samsung”-un Galaxy Z Fold seriyasına birbaşa rəqib olacaq yeni cihazla bazarda rəqabəti daha da gücləndirəcəyini təsdiqləyir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
