Bu gün:

“Məxfi oğulun qayıdışı” - Rembrandt van Reyn


“İncəsənətin inciləri” rubrikası bu dəfə Rembrandtın “Məxfi oğulun qayıdışı” əsərini təqdim edir.

Rembrandt van Reyn Hollandiya Barok dövrünün ən parlaq rəssamı olub. O, insan ruhunun dərin qatlarını rəsm vasitəsilə açmağı bacarıb. Əsərlərində işıq və kölgə oyunu ilə bəşəri duyğulara toxunub.

Bu əsərdə isə o, yalnız bir ailə hekayəsini deyil, insanın ruhani dönüşünü təsvir edib. Rəsm Bibliyadan götürülmüş məşhur bir parabolanın - “İtmiş oğulun qayıdışı”-nın vizual izahıdır. Tabloda səhnə dramatik olduğu qədər sakit, emosional olduğu qədər dərin və təsirlidir.

Əsərin mərkəzində diz çökmüş bir oğlan var. Onun başı aşağı əyilib, geyimi cırıqdır, bir ayağında isə ayaqqabı belə yoxdur. O, sanki bütün günahlarını və səhvlərini kürəyində daşıyaraq qayıdıb. Oğul çöküb, amma bu çöküş məğlubiyyət deyil - bu tövbədir, qayıdışdır, ümidin başladığı yerdir.

Onun qarşısında dayanan yaşlı bir kişi - atası əllərini oğlunun çiyinlərinə qoyub. O əllərdən biri güc, digəri şəfqət simvoludur. Bu əllər nə danlayır, nə də sual verir. Sadəcə bağışlayır, qəbul edir. Rəsm boyu işıq da elə bu iki fiqurun üzərinə düşüb, sanki bağışlamağın özü işıq saçır.

Səhnənin sağında bir başqa kişi, yəni böyük oğul dayanıb. Onun baxışları ciddi, üz cizgiləri sərtdir. Əynindəki parlaq qırmızı geyim onun statusunu göstərib. Amma baxışlarında daxili narahatlıq gizlənib. O, qardaşına verilən sevgi qarşısında tərəddüdlüdür. Bu duruş insanın bağışlamağa olan müxtəlif münasibətini simvollaşdırıb.

Fonun dərinliyində üç başqa fiqur dayanıb. Onlar kölgələrin içindədir, sanki bu dramatik səhnənin səssiz şahidləridirlər. Bəlkə biri anadır, bəlkə xidmətçidir, bəlkə də evin digər üzvüdür, kim olduqları bilinmir, amma varlıqları rəsmin emosional dərinliyini artırıb.

Rembrandt burada yalnız bir ailə səhnəsi çəkməyib. O, bağışlamanın nə qədər güclü və insanı yenidən doğuran bir hiss olduğunu göstərib. Bu əsər insanın evinə, kökünə, sevgiyə və Allaha dönüşünü simvolizə edib.

“Məxfi oğulun qayıdışı” yalnız rəsm deyil, bağışlanmaq ümidi ilə yüklənmiş səssiz bir dua kimidir.


Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et