Elm insanlığın inkişafı üçün ən güclü vasitələrdən biri olsa da, bəzən etik sərhədlərin pozulduğu, insan haqlarının tapdandığı təcrübələrə də şahidlik edib. Keçmişdə həyata keçirilən bəzi elmi təcrübələr, həm nəticələri, həm də metodları ilə bu günə qədər mübahisələrə səbəb olur.
Nasi tibbi təcrübələri
Nasist həkimlər, xüsusilə Auşvits və Daxau düşərgələrində minlərlə əsir üzərində dəhşətli təcrübələr həyata keçirib. Hipotermiya, yoluxucu xəstəliklər, orqan köçürülməsi, sonsuzluq və zəhər sınaqları bu təcrübələrin bir hissəsi olub. Dr. Yozef Mengele kimi şəxslər “irq üstünlüyü” məqsədilə əkiz uşaqlar üzərində qeyri-insani təcrübələr aparıb. Əksər məhbuslar bu təcrübələr zamanı ya həyatını itirib, ya da ağır fiziki zədələr alıb. Nürnberq məhkəmələrindən sonra bu cür təcrübələr insanlıq əleyhinə cinayət kimi tanınıb.
Tuskegee sifilis təcrübəsi
ABŞ-də 400-dən çox qaradərili kişi sifilis xəstəliyi ilə bağlı bir araşdırmada məlumatlandırılmadan sınaq iştirakçısına çevrilib. Onlara heç bir müalicə tətbiq olunmur, xəstəliyin “təbii gedişi” izlənilirdi. Penisilin müalicə üsulu kimi tapıldıqdan sonra belə xəstələrə müdaxilə edilməyib. Bu etik qaydalara zidd təcrübələr illərlə gizli saxlanılıb. 1972-ci ildə məsələ ictimaiyyətə açıqlananda böyük etiraz dalğası yaranıb və zərərçəkənlərə təzminat ödənilib.
Stanford həbsxana təcrübəsi
Psixoloq Filip Zimbardo tərəfindən həyata keçirilən bu təcrübədə tələbələr müvəqqəti olaraq “nəzarətçi” və “məhkum” rollarını canlandırıblar. Təcrübə cəmi 6 gün davam edib, çünki “nəzarətçilər” sürətlə zorakı və qəddar davranışlar sərgiləməyə başlayıblar. Bu təcrübə göstərib ki, insanlar hakimiyyət əldə etdikdə qısa zamanda zalım davranışlar göstərə bilirlər. Etik qaydalara zidd hallara görə təcrübə vaxtından əvvəl dayandırılıb və psixologiya sahəsində “hakimiyyət və itaət” mövzusunda geniş müzakirələrə səbəb olub.
Milgram itaət təcrübəsi
Yel Universitetində Stenli Milgram tərəfindən aparılan bu təcrübədə iştirakçılara, səhv cavab verdikləri halda, qarşı tərəfə elektrik şoku tətbiq etmələri tapşırılıb. Əslində heç kimə elektrik verilmirdi, lakin iştirakçıların əksəriyyəti “hakimiyyətə” itaət edərək başqasına zərər verməyə razı oldular. Bu təcrübə insanların hakimiyyət qarşısında öz etik prinsiplərindən necə asanlıqla imtina etdiyini göstərdi. Hələ də etik sərhədlərin müzakirə edildiyi ən məşhur təcrübələrdən biri hesab olunur.
Willowbrook hepatit təcrübəsi
Nyu-Yorkdakı Willowbrook Dövlət Məktəbində əqli geriliyi olan uşaqlara qəsdən hepatit virusu yoluxdurulub. Məqsəd xəstəliyin təbii gedişi və yoluxma yollarını öyrənmək olub. Ailələrə yalnız “təcrübəyə qatılmaq” şərti ilə övladlarının məktəbə qəbul ediləcəyi bildirilirib. Bu hal ciddi etik narazılıq doğurub. Bu gün bu təcrübə tibb tarixinin ən qaranlıq səhifələrindən biri kimi qiymətləndirilir.
Bikini atolü nüvə sınaqları
ABŞ Sakit Okeandakı Bikini adasında onlarla nüvə sınağı keçirib. Ada sakinləri təxliyə edilib, lakin sonradan onların radiasiyaya məruz qalması ciddi sağlamlıq problemlərinə yol açıb. Partlayışlar nəticəsində adanın ekosistemi məhv olub və ada bu gün də yaşamaq üçün təhlükəli hesab edilir. Bu sınaqlar nüvə etikası mövzusunu dünya gündəminə gətirdi. Bikini atolü nüvə silahlarının təhlükəsinin simvoluna çevrildi.
Mənbə: Cümhuriyyət
Tərcümə etdi: Mina Yadigarlı
