Henry Cyril Paget 5-ci Anglesey Markizi, evində – Angleseydə yerləşən Plas Newydd-də təşkil etdiyi tamaşalar üçün hazırlatdığı təmtəraqlı kostyumların birində poza verir. Sepiya tonlarında çəkilən fotoda o, müxtəlif rəngli qalın parçadan hazırlanan yerə qədər uzun palto geyinib. Paltonun yuxarısı hərbi üslubludur, iri çiyin parçaları var. Başında isə ön hissəsi tacı xatırladan, yanları açılmış qanadlı baş geyimi var.
Onun əcdadlarından birinin şərəfinə ucaldılan nəhəng bir sütun üzərində heykəl var. Digərinin isə sadəcə bir neçə fotosu hamam divarına yapışdırılıb. Ailə üzvlərinin hansını daha çox xatırlamaq istədiyini təxmin etmək çətin deyil. Amma indi onun haqqında səhnəyə qoyulan və adını da məhz bu ideyadan götürən Tarixə Qarşı Necə Qalib Gəlmək Olar adlı musiqili tamaşa göstərir ki, bəzən insanı tanımaq üçün zaman lazımdır. Hamamdakı fotolarda görünən şəxs Henry Cyril Paget-dir, 5-ci Anglesey Markizi. O, ailəsinin sərvətini israf edib, cəmi bir neçə il ərzində ailəsinin pullarını təmtəraqlı və ekstravaqant tamaşalar üçün xərclənən, qadın geyimləri və hətta brilyantlarla bəzədilən kostyumlarla çıxış edib. Nəticədə müflis olmuş və vətəndən uzaqda, gənc yaşında vəfat edib.
İndi, ölümündən 120 il sonra, onun həyatı “Madfabulous” filmi və yuxarıda adı çəkilən tamaşa ilə yenidən diqqət mərkəzinə çəkilir. Hazırkı 8-ci Anglesey Markizi olan Alex deyir ki, indi Henry ailə tərəfindən daha isti qarşılanır. Zaman keçdikcə və cəmiyyətin münasibəti dəyişdikcə, onun davranışları daha anlayışla qarşılanır. Henry əmisi qızı ilə evlənsə də, evlilik consummated (tam həyata keçirilən) olmayıb və həyat yoldaşı sonradan evliliyin ləğvini tələb edib. Alex deyir ki, ilk dəfə Henry haqqında hamamdakı şəkillərdən xəbər tutub:
“Xüsusilə yaddaşımda qalan bir foto var: o, Böyük Britaniya döyüşçüsü Boadicea kimi geyinmişdi, amma iri Edvard dövrünə aid bığları ilə.
Bu sadəcə zarafat mövzusu idi. Onun varlığı inkar edilməyib, amma ailə tarixində önəmli fiqur sayılmayıb.
1950-60-cı illərdə böyüyərkən homoseksuallıq hələ də qeyri-qanuni idi. Ola bilər ki, o ümumiyyətlə seksual olmayıb, yəni aseksual idi. Hər halda, fərqli cinsi kimliklər qəbul olunmayıb”. Amma 1960-cı illərdə başlayan şəxsi azadlıq hərəkatı və LGBTQ+ kimliklərinin tanınması nəticəsində, Henry indi bir növ ikonaya çevrilib. Alex deyir ki, Henry haqqında çox az məlumat var. Çünki onun şəxsi gündəlikləri və məktubları ailə tərəfindən yandırılıb. Qalan məlumatlar isə əsasən dövrün senzasion qəzet yazılarına əsaslanır. Beləliklə, müasir yaradıcılar onun haqqında öz təsəvvürlərini qurmaq imkanı tapıblar.
Henry uşaqlığını Parisdə keçirib və burada teatr dünyasına toxunub. Sonra atası onu geri alaraq Plas Newydd-ə göndərib və onu Eton məktəbində oxudub. Tipik aristokrat tərbiyəsi alıb. 1898-ci ildə 4-cü Markizin ölümündən sonra Henry mirasa sahib çıxıb, torpaq, titul və sərvət. O da bu imkandan istədiyi kimi istifadə edib. Plas Newydd-i “Anglesey Qalası” adlandırıb, ibadətgahı teatra çevirib və tamaşalarla özünü nümayiş etdirib. Bəziləri yüksək zümrədən, digərləri isə yerli əhalidən olan tamaşaçılar üçün bu tamaşalar pulsuz idi. Onun xərclədiyi sərvət bu günkü dəyərlə 60 milyon funtdan çoxdur. Nəticədə müflis olub, həyat yoldaşı ilə ayrılıb, Monte Karloda yaşayıb və 29 yaşında vəfat edib. Alex deyir: “Əslində, bütün pulu xərcləməyib, amma çoxunu xərcləyib, bu da doğrudur” – deyə zarafat edir. “Amma o tamamilə unikal olmayıb. O, müəyyən bir mədəniyyətin, çoxluq deyil, azlıqda olan bir mədəniyyətin nümayəndəsi idi. Məsələn, İngiltərədə Oscar Wilde, Fransada isə Proust. Onlar da Henry-nin uşaqlığını keçirdiyi Parisdə eyni mühitdə idilər”.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
