Covid-19 pandemiyasından bəri Yapon animasiyasından gələn musiqi Spotify-da və konsertlərdə, klub gecələrində partlayışla yüksəlir, xüsusilə cəsarətli melodiyalar və güclü emosiyalarla cəlb olunan gənclər arasında.
Yay gecəsi Londondakı O2 Arenada təxminən 20.000 coşqun fanat toplaşıb. İşıq çubuqları havanı parçalayır; səhnədə sirli siluet kimi çıxış edən J-pop divası Ado bütün tamaşaçıların tanıdığı bir mahnını ifa etməyə başlayır. Kura Kura Spy x Family adlı Yapon animasiya serialındandır. Bu mahnı musiqi üslubuna görə gözlənilməz olsa da, dərhal yadda qalır, 1960-cı illərin pop ritmləri, caz parçaları və dramatik rok operasını bir araya gətirir. Bu, anime musiqisinin həyat dolu yeni dalğasına nümunədir. Yapon animasiyası, ya da qısaca “anime” XX əsrin əvvəllərinə qədər uzanan irsə və sonsuz müxtəlif hekayə və üslub çeşidlərinə malikdir, quldur dastanlarından elmi-fantastik döyüşlərə, sehrbazlıqlardan idman dramlarına, döyüş sənətləri əfsanələrindən romantik faciələrə qədər. Bunu müşayiət edən musiqilər də eyni dərəcədə sərhədsiz və yaradıcıdır. Mahnılar janr və temp baxımından fərqli olsa da (tez-tez bir mahnının içində dəyişir), ortaq cəhətləri də var, məsələn, vizual hərəkəti yüksəldir və onu izləyici ilə dərin bağ quracaq şəkildə təqdim edirlər.
Rəqəmsal dövrdə yadda qalan və emosional temalar məşhur anime seriallarının və film adaptasiyalarının viral uğuru üçün əsasdır, məsələn, One Piece, Demon Slayer, Jujutsu Kaisen, Dragon Ball Z, Cowboy Bebop, Attack on Titan və Naruto. Bu mahnılara “anisong” (anime mahnısı) deyilir və bu gün, xüsusilə gənclər arasında mühüm musiqi gücünə çevrilib. Crunchyroll və National Research Group-un birgə apardığı araşdırmaya görə, anime Gen Z nəsli arasında demək olar ki, Beyonce qədər məşhurdur, dünya üzrə bu nəsildən olan insanların 54%-i anime pərəstişkarıdır. Spotify isə 2021-ci ildən 2024-cü ilə qədər anime musiqisinə qlobal marağın 395% artdığını, saytda isə 7.2 milyon anime pleylistinin yaradıldığını bildirir. Spotify-ın Qlobal Redaksiya rəhbəri Sulinna Ong deyir: “Anime musiqisi qlobal mədəni qüvvəyə çevrilib və Gen Z bu hərəkətin mərkəzindədir. Seriallar izləyicilərə daha əvvəl eşitmədikləri musiqi üslublarını tanımaq imkanı verir”. Bu yüksəliş təkcə müasir animeyə aid deyil. Rəqəmsal platformaların genişlənməsi nəticəsində artıq 20-30 il əvvəlki klassik anime mahnıları da yenidən populyarlıq qazanır. Məsələn, One Piece anime serialının orijinal açılış mahnısı We Are! (Hiroshi Kitadani tərəfindən oxunur) yeni nəsillərin sevimlisinə çevrilib. Anisong-lar, adətən, asanlıqla yadda qalan melodiyalara və emosional dəyərlərə malikdir. Mahnılar həm qəhrəmanlarla bağ qurmağa, həm də nostalji və adrenalin hiss etməyə imkan yaradır.
2019-cu ildə Yapon müğənni-bəstəkar Lisa-nın oxuduğu Gurenge Demon Slayer anime serialının açılış mahnısıdır. Bu mahnı rok enerjisini melodik güc balladası ilə birləşdirir. Gurenge TikTok-da məşhur britaniyalı pianoçu Joe Jenkins tərəfindən ifa olunub, hətta 2020 Tokio Olimpiadasının bağlanış mərasimində simfonik versiyası səslənib. Lisa bu mahnını qəhrəmanların keçmiş faciələrinə baxmayaraq, irəli getmək istəklərinə uyğun yazdığını bildirir.
Pandemiya dövrü anime və onun musiqisinin populyarlığının artmasına təkan verib. The Hollywood Reporter 2022-ci ildə yazırdı ki, “anime dünyadakı ən Covid-ə davamlı əyləncə növü ola bilər”. O dövrdə insanlar boş vaxtlarını rəqəmsal platformalarda keçirirdilər və bu da anime və musiqisinə kütləvi marağa səbəb olub. Anime musiqisi həm də Yapon pop mədəniyyətinə qapı açır və yeni ulduzlar üçün qlobal platforma yaradır. Misal üçün: Yoasobi: 2023-cü ildə Billboard Qlobal Çartında birinci yerdə olan ilk anime mahnısı olub.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
