Bu gün:

Hannibal Lecter: Cinayətkar yoxsa intellektual cani?


Bir çoxumuz üçün Hannibal Lecter obrazı ilə ilk tanışlıq Jonathan Demmenin 1991-ci ildə çəkdiyi "The Silence of the Lambs" (Quzuların səssizliyi) filmi vasitəsilə olub. 

Bu filmdə Antoni Hopkinsin canlandırdığı Lecterin Klaris Starlin (Codi Foster) ilə apardığı psixoloji dialoqlar tamaşaçıya həm qorxu, həm də qəribə bir maraq hissi bəxş edir, xüsusilə də digər məhbusun yersiz və narahatlıq doğuran davranışları fonunda bu səhnələr daha da təsirli görünür.

Lecter tez-tez ruhi pozuntuları olan təhlükəli bir cinayətkar kimi xarakterizə olunur. Onun törətdiyi hadisələr o qədər sərt və qəbuledilməzdir ki, bir çox insanlar onu tamamilə əxlaqsız və islaholunmaz bir şəxs kimi qəbul edir. O sanki qanunlara tabe olmayan, hətta onlardan üstün bir varlıq kimi təqdim edilir. İnsana qarşı zorakılıq tətbiq edir, planlı şəkildə adam öldürür və bu, insanlarda ciddi mənəvi narahatlıq doğurur.

Lakin bəzi tamaşaçılar və əsərlərin orijinal pərəstişkarları üçün Hannibal Lecter təkcə bir cani deyil — o, eyni zamanda, çətin keçmişə malik və daxili iztirablarla dolu bir anti-qəhrəmandır. Onlar Lecterin həm zəkalı bir psixiatr, həm də qorxu doğuran bir varlıq olmasındakı ziddiyyəti maraqlı və düşündürücü hesab edir. Əslində, "The Silence of the Lambs" filmi bu tetralogiyanın (dörd əsərin) yalnız ikinci hissəsidir və Lecter obrazı daha geniş və mürəkkəb şəkildə bu silsilədə təqdim edilir.

Təbii ki, Hannibal Lecter-in “qəhrəman” kimi qəbul olunması çoxları üçün mübahisəlidir. Axı bu obraz, sadəcə olaraq hüququ pozmur, o, insan həyatına qarşı amansız davranış sərgiləyir. Onun davranışları, xüsusilə də simvolik və metaforik səviyyədə təqdim olunan bəzi səhnələr, tamaşaçıda narahatlıq doğurur.

Bütün bunlara baxmayaraq, Lecter xarakteri klassik serial qatil stereotiplərinə zidd olaraq yüksək intellektli, savadlı, estetik zövqə malik və intellektual səviyyədə təqdim olunur. Ənənəvi təsvirlərdə serial qatillər adətən sosial izolyasiya olunmuş, impulsiv və ya aqressiv fiqurlar kimi göstərilirdisə, Lecter əksinə, zərif davranışlı, mədəniyyətli və analiz qabiliyyəti yüksək olan bir şəxs kimi təqdim edilir — bu da onu unikal və yadda qalan edir.

Mənbə: Medium – Karen Smart

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et