Bu gün:

Bitchat nədir?


Texnologiya dünyasının diqqətini çəkən yenilik “Twitter”-ın qurucusu və “Blockchain”-in “CEO”-su “Cek Dorsi”-dən gəlib. Dorsi internet bağlantısı olmadan işləyən və tamamilə mərkəzsiz olan yeni mesajlaşma tətbiqi “Bitchat”-i təqdim edib. Bu innovativ tətbiq istifadəçi məxfiliyinə və senzurasız ünsiyyətə bağlılığı ilə tanınır.


Bitchat nədir? Necə işləyir?

Hazırda beta mərhələsində olan Bitchat ənənəvi mesajlaşma tətbiqlərindən fərqli olaraq hər hansı internet infrastrukturu olmadan ünsiyyətə imkan yaradır. Tətbiq aşağı enerji ilə işləyən Bluetooth (BLE) vasitəsilə bağlantı qurur. Bu isə mesajların birbaşa cihazdan-cihaza ötürülməsini təmin edir və mərkəzi serverə ehtiyacı aradan qaldırır.

Bu sistemin ən diqqətçəkən xüsusiyyəti yaxınlıqdakı cihazlar arasında mesajları ötürən bir “körpü” rolunu oynamasıdır. Məsələn, iki cihaz bir-birini birbaşa görməsə belə, aradakı cihazlar mesajı qəbul edib ötürə bilir və beləliklə, mesajın hədəfə çatmasını təmin edir. Bu üsul sayəsində təxminən 30 metrlik əsas bağlantı məsafəsi araya daxil olan cihazlarla daha da genişləndirilə bilər.


Tamamilə anonim və izlənilə bilməyən ünsiyyət

“Bitchat”-in ən böyük üstünlüklərindən biri anonim istifadəyə imkan verməsidir. Sistəmə qoşulmaq üçün nə e-poçt ünvanı, nə telefon nömrəsi, nə də istifadəçi hesabı tələb olunur. Tətbiq mesajları sonadək şifrələyərək göndərir və böyük faylları cihazlar arasında ötürməzdən əvvəl 500 baytlıq kiçik hissələrə bölür. Mesajlar yalnız cihazın yaddaşında müvəqqəti saxlanılır, bu isə daimi məlumat izinə ehtiyacı aradan qaldırır və istənilən istifadəçinin mərkəzləşdirilmiş şəkildə izlənilməsinin qarşısını alır.

Cek Dorsi “Bitchat”-in bu xüsusiyyətini xüsusilə vurğulayaraq bildirib ki, “məxfilik və senzurasız ünsiyyət” müasir rəqəmsal dövrdə getdikcə daha vacib hala gəlib.


Köhnə “IRC”-nin ruhunu daşıyan yeni nəsil platforma

Dorsi “Bitchat”-in arxitekturasından danışarkən qeyd edib ki, köhnə IRC (İnternet Relay Chat) sistemini xatırladan bir sistem qurublar. Lakin burada əsas fərq bağlantının Bluetooth texnologiyası ilə təmin olunmasıdır. Bu texnologiya sayəsində hər bir cihaz həm mesaj göndərici, həm də yönləndirici funksiyasını yerinə yetirir. Bu da mesajların birbaşa çatmaq mümkün olmayan cihazlara belə ötürülməsinə imkan verir.

Tətbiqdə eyni zamanda “saxla və ötür” funksiyası da mövcuddur. Əgər hədəf cihaz həmin an şəbəkəyə bağlı deyilsə, mesaj müvəqqəti olaraq cihazda saxlanılır və hədəf cihaz bağlandığı zaman avtomatik olaraq ötürülür.


Mümkün istifadə halları

“Bitchat”-in infrastrukturu yalnız texnologiya həvəskarları üçün deyil, eyni zamanda kritik vəziyyətlərdə də əhəmiyyətli üstünlüklər təklif edir. Tətbiq xüsusilə internetə çıxışın olmadığı fəlakət bölgələrində, hökumətlərin internetə məhdudiyyətlər qoyduğu etiraz aksiyaları zamanı və ya konsertlər və festivallar kimi izdihamlı tədbirlərdə davamlı və izlənilə bilməyən ünsiyyət şəbəkəsi yaratmağa imkan verir.

Bu struktur mesajların mərkəzi serverdə saxlanmaması və şəxsiyyət təsdiqi tələb etməməsi səbəbilə Bitchat-i məxfiliyə önəm verən istifadəçilər üçün cəlbedici edir.


Gələcəkdə WiFi dəstəyi

Bitchat yalnız “Bluetooth”-la məhdudlaşmayacaq. “Github”-da yayımlanan texniki sənədlər gələcəkdə WiFi dəstəyinin də sistemə inteqrasiya ediləcəyini göstərir. Bu isə daha böyük məlumat ötürmələrinə imkan yaradacaq və tətbiq qısa mesajlaşma səviyyəsindən kənara çıxaraq media faylları və sənədlər kimi daha böyük məzmunların təhlükəsiz şəkildə ötürülməsini təmin edəcək.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et