Günün ortasında darıxanda, “nəsə açım, həm fikrim dağılsın, həm də yeni bir şeylər öyrənim” deyəndə izləyə biləcəyiniz veb saytlar:
1. Radio Garden

Təsəvvür edin ki, sadə radio deyil, bütün dünyanı qulaqlıqla gəzirsiniz. Ekranda böyük bir kürə fırlanır, istədiyiniz ölkəyə yaxınlaşırsınız və o ölkənin yerli radiosuna qulaq asırsınız. Bir gün Argentina küçələrində salsa musiqisi, ertəsi gün Yaponiyada gecə radio proqramı.
2. JustWatch

Axtardığınız filmin və ya serialın adını yazırsınız, Netflix, Amazon, BluTV və digər platformalardakı mövcudluğu dərhal qarşınıza çıxır. Film və serial həvəskarları üçün əvəzolunmaz alətdir.
3. FutureMe

Gələcəkdəki özünüzə məktub yazmaq bir az emosional səslənir, amma olduqca maraqlıdır. Özünüzə “Ümid edirəm, xoşbəxtsən” deyə başlayan cümlələr yazırsınız, arzularınızı qeyd edirsiniz. Müəyyən etdiyiniz tarixdə həmin məktub elektron poçtunuza gəlir. Həm sürpriz, həm motivasiya mənbəyidir.
4. MyRetroTVs

70, 80, 90-cı illəri darıxanlar üçün əsl zaman maşınıdır. Köhnə televizor ekranı açılır, istədiyiniz dövrü seçir və kanalları dəyişirsiniz. Köhnə xəbər buraxılışları, musiqi klipləri, absurd reklamlar… Sizi o illərə aparır.
5. Hacker Typer

Bu sayta girirsiniz, klaviaturada istənilən düymələrə basırsınız, ekran Matrix kimi olur. Kodlar axır, siz də əsl haker kimi görünürsünüz.
6. This Person Does Not Exist

Hər dəfə yenilədikdə süni intellekt tərəfindən yaradılmış tamamilə fərqli insan üzləri göstərir. Həyatda mövcud olmayan, amma gerçək kimi görünən insanlar… Bir tərəfdən maraqlı, digər tərəfdən bir az qorxuludur.
7. GeoGuessr

Sizi dünyanın istənilən nöqtəsinə “atır” və Google Street View vasitəsilə harada olduğunuzu təxmin etməyə çalışırsınız. Bəzən bir avtobus dayanacağı, bəzən yol nişanı ipucu verir. Həm oyun, həm də virtual səyahət təəssüratı yaradır. Xüsusilə dostlarla oynayanda saatlarla ayrılmaq olmur.
8. The True Size Of

Xəritədə ölkələrin real ölçülərini müqayisə etməyə imkan verir. Bir ölkəni seçib sürükləyirsiniz, fərqli yerlərə qoyduqda nisbət fərqini görürsünüz. Coğrafiya biliklərini təzələmək və maraqlı vaxt keçirmək üçün idealdır. Rusiyanın gerçək ölçüsünü yoxlayın, təəccüblənəcəksiniz.
9. The Secret Door

Bir kliklə sizi dünyanın təsadüfi bir yerinə “işınlayır”. Bir an Yaponiyada bir məbəddə, digər an Norveçdə meşədə olursunuz. “Haradayam?” deyə maraqla araşdırmaq üçün mükəmməl bir rəqəmsal macəradır.
10. Zoom Earth

Dünyanın real vaxt rejimində hava şəraitini, fırtına hərəkətlərini və bulud keçişlərini izləyə biləcəyiniz interaktiv xəritədir. Meteorologiya həvəskarları üçün əsl vizual zövqdür.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
