Bu gün:

Avropadakı istilər 2,300 nəfərin ölümünə səbəb olub


İyunun sonunda Avropanı bürüyən istilər 12 şəhərdə ümumilikdə 2,300 nəfərin ölümünə səbəb olub. Yeni araşdırmaya görə, bu ölümlərin 1,500-ü iqlim dəyişikliyi nəticəsində baş verib.

Ən çox ölüm Milanda qeydə alınıb – 499 nəfərdən 317-nin ölümü birbaşa iqlim böhranı ilə əlaqələndirilib. Paris, Barselona və London da istilərdən ciddi təsirlənən şəhərlər arasındadır. London şəhərində 273 nəfər isti ilə bağlı həyatını itirib, onlardan 171-nin ölümü iqlim dəyişikliyinə bağlanıb.

Alimlər bildirirlər ki, istilər “səssiz qatil” kimidir. Çünki ölüm hallarının əksəriyyəti evlərdə və xəstəxanalarda baş verir və media tərəfindən işıqlandırılmır. Tədqiqatın müəllifləri bu ölümlərin böyük hissəsinin yaşlı insanlar arasında olduğunu vurğulayıb. 65 yaşdan yuxarı şəxslər iqlimə bağlı ölümlərin 88 faizini təşkil edir.

Tədqiqat zamanı alimlər, 23 iyun – 2 iyul tarixləri arasında baş verən istiləri təhlil edərək bu hadisənin insanlar tərəfindən yaradılmış iqlim dəyişikliyi ilə əlaqəsini araşdırıblar. Onlar qeyd ediblər ki, istilər bəzi şəhərlərdə 4 dərəcəyə qədər artıb və bu, əlavə 1,500 ölümə səbəb olub.

Bundan başqa, Copernicus iqlim müşahidə xidməti bildirib ki, iyun ayı tarixdə üçüncü ən isti iyun olub. Aralıq dənizində isə rekord səviyyədə dəniz istiliyi müşahidə edilib və bu, həm ekosistemlərə, həm də insan sağlamlığına ciddi təsir göstərir. İspaniyada bəzi bölgələrdə gecə temperaturu 20 dərəcədən aşağı düşməyən 24 tropik gecə qeydə alınıb ki, bu da insan orqanizminin bərpasına mane olur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, istilər gələcəkdə daha tez-tez, güclü və ölümcül ola bilər.

Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva 

Paylaş
Şərh əlavə et