Bu gün:

Trendyol Super Liqasında legioner qaydası dəyişib


Türkiyə Futbol Federasiyası (TFF) Trendyol Super Liqasında 2025–2026 mövsümündə tətbiq olunacaq yeni legioner qaydaları ilə bağlı dəyişikliklərə gedildiyini açıqlayıb.

Yeni mövsümə sayılı günlər qalarkən TFF-nin rəsmi internet səhifəsində yayımlanan açıqlamada bildirilir: “TFF İdarə Heyətinin 07.07.2025 tarixli və 46 saylı iclasında qəbul edilən qərarla Peşəkar Futbolçuların Statusu və Transferləri Təlimatında, Klub Lisenziyası və Maliyyə Davamlılığı Təlimatında, 2025–2026 mövsümü Super Liqa qarşılaşmaları üçün Təlimatda və 2025–2026 mövsümü TFF 1-ci Liqa qarşılaşmaları üçün Təlimatda dəyişikliklər edilməsi qərara alınıb".


Qeyd edək ki, TFF-nin əvvəlki açıqlamasına əsasən, komandaların heyətindəki 14 legionerdən 2-sinin 1 yanvar 2003-cü ildən sonra anadan olması tələb olunub. Lakin yeni qərarla bu şərt yenilənib.


Federasiyanın verdiyi məlumata əsasən: “Əsas komanda siyahısına daxil ediləcək 14 legioner futbolçudan 12-si üçün yaş məhdudiyyəti tətbiq olunmur. Əgər siyahıya 14 legioner yazılacaqsa, onların ən azı 2-si 01.01.2002 və ya daha sonrakı tarixdə anadan olmalıdır. Əsas komanda siyahısına yazıla biləcək 14 legioner hüququndan bir qisminin və ya hamısının istifadə edilməməsi, Türkiyə A milli futbol komandasında oynamaq hüququna malik olan futbolçuların siyahıya daha çox daxil edilməsinə maneə yaratmır".


Beləliklə, yeni mövsümdən etibarən Türkiyə futbolunda gənc legionerlərə üstünlük verilməsi və milli komanda uyğunluğuna malik futbolçuların daha geniş iştirakına şərait yaradılması hədəflənir.


Mənbə: NTV spor 

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et