Real Madrid klubunda Arda Gülərin çıxışı Xabi Alonsonun komandanın baş məşqçisi təyin olunmasından sonra daha da diqqət çəkməyə başlayıb. Gənc futbolçu göstərdiyi performansla əsas heyətin daim iştirakçılarından biri olacağının siqnalını verib.

FİFA Klub Dünya Çempionatında keçirilən Real Madrid – Juventus oyununda Arda Gülərin çıxışı bəyənilsə də, qarşılaşmada baş verən bir hadisə daha çox müzakirə olunub. Belə ki, oyunun gedişində Arda Gülər ilə Cud Bellingham arasında gərginlik yaşanıb. İngiltərəli futbolçunun milli oyunçuya əl-qol hərəkətləri ilə sərt reaksiya göstərməsi görüntülərə əks olunub və bu səhnələr İspaniyada gündəmə çevrilib.
İspaniya mətbuatında yayılan məlumata görə, hadisənin ardından Xabi Alonso dərhal hərəkətə keçərək Cud Bellinghamla fərdi görüş keçirib. Məşqçinin bu söhbət zamanı Real Madrid-in prinsiplərinin hər şeydən üstün olduğunu və komandadakı münasibətlərin qarşılıqlı hörmət çərçivəsində qurulmalı olduğunu futbolçuya xatırlatdığı qeyd olunub.
Bildirilib ki, görüş səmimi ab-havada keçib və Alonso oxşar məzmunlu xəbərdarlığı Arda Gülərə də edib. İspan mətbuatı Xabi Alonsonun vəziyyətə sürətli və ağıllı müdaxilə etdiyini vurğulayır. Həm Bellingham, həm də Arda Gülərin bu mesajı daha mövsüm başlamamış alması isə klubun daxilində intizamın ön planda tutulduğunu göstərir.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
