Zaman səyahətinə həsr olunmuş filmlər arasında həyatın dərin, ciddi və intellektual suallarını gündəmə gətirən əsərlər olduğu kimi (məsələn, Interstellar), yalnız əyləncə məqsədi daşıyan, absurd və maraqlı ssenarilərlə zəngin olan filmlər də var (Bill & Ted’s Big Adventure, Time Bandits, Hot Tub Time Machine kimi). Elə nadir nümunələr də tapılır ki, bu iki istiqaməti bir araya gətirməyi bacarır. Hər bir halda, bir DeLorean avtomobilinə minib zaman daxilində yol almaq kinoda nadir hallarda mənfi təəssürat yaradır – bəzən beyninizi dolaşdıran paradokslar və mürəkkəb süjet xətləri olsa da, zaman səyahəti mövzusu həmişə diqqət çəkicidir:
1. “Gələcəyə Qayıdış” Trilogiyası (1985, 1989, 1990)

1985-ci ildə nümayiş olunan ilk film zamanı 1950-ci illər cəmi 30 il öncəki bir dövr idi. Bu gün həmin illər artıq tarixdən öncəki bir mərhələ kimi görünür. Hətta ikinci filmdə “gələcək” kimi təsvir edilən 2015-ci il də artıq çoxdan geridə qalıb. Lakin bu Marty McFly və Dr. Emmett Brownun zamanla səyahət etdikləri Plutoniumla çalışan DeLorean avtomobilindəki macəralarını izləməkdən aldığımız zövqü azaltmır. İlk filmdə Marty özünü 1950-ci illərdə tapır və valideynlərinin bir-birinə aşiq olmasını təmin etməlidir, əks halda özü və bacı-qardaşları heç vaxt mövcud olmayacaqlar. İkinci hissədə isə qəhrəmanlarımız Biff Tannenin zalım bir diktatora çevrilməsinin qarşısını almağa çalışır. Üçüncü hissədə isə hadisələr Vəhşi Qərbdə baş verir. Filmdəki musiqilər, gitara səhnələri və nostalji zarafatlar bu trilogiyanı zamana meydan oxuyan klassiklər sırasına daxil edir.
2. “Ulduzlararası” (Interstellar, 2014)

Bütün həyatını insanlığı xilas etmək üçün riskə atardınızmı? Interstellar filmi məhz bu sual ətrafında qurulub. Matthew McConaughey-in canlandırdığı astronavt Yer kürəsindəki həyatın mümkün olmayacağı bir gələcəkdə, insanların yaşaya biləcəyi yeni planetlər tapmaq üçün solucan deşiklərindən keçərək bilinməzliyə doğru yola çıxır. Lakin bəzi planetlərdə zaman Yerdəkindən daha sürətli axır. O geri qayıtdıqda, öz ailəsi üçün yalnız bir neçə gün keçmiş kimi görünsə də, əslində illər ötüb. Bəs uşaqlarınla keçirə bilmədiyin illərə nə dəyər biçmək olar?
3. “12 Meymun” (Twelve Monkeys, 1995)

Rejissor Terry Gilliam bu filmində 1962-ci ilin eksperimental fransız qısametrajlı filmi La Jetée-dən ilham alıb. Bruce Willis bəşəriyyətin böyük hissəsini məhv edən ölümcül virusun qaynağını tapmaq üçün gələcəkdən keçmişə göndərilən bir məhbusu canlandırır. Hadisələr 1990-cı illərdə cərəyan edir. Film həm süjet, həm də obrazlar baxımından xaotik və bir qədər dəhşətli atmosfer yaradır. Brad Pitt-in canlandırdığı obraz isə bəzi səhnələrdə xüsusilə narahatlıq doğurur. Film ümumilikdə insanlığın məhvə doğru getdiyi bir gələcəyi dəyişmək üçün keçmişə üz tutmasının ümidsizliyini əks etdirir.
4. “Looper” (2012)
Rejissor Rian Johnson "The Last Jedi" filmi ilə Star Wars azarkeşlərini iki yerə ayırmadan və Daniel Craig-i məşhur cənub detektivinə çevirmədən əvvəl, “Looper” filmi ilə elmi-fantastika janrında ciddi uğur qazandı. Joseph Gordon-Levitt gələcək mafiya tərəfindən keçmişə göndərilən insanları öldürməklə məşğul olan Joe adlı bir suiqəstçini canlandırır. Gələcəkdə texnologiyanın inkişafı səbəbilə cəsədlərdən qurtulmaq çətinləşdiyi üçün, hədəflər keçmişə göndərilir. Amma bir gün Joe-nun qarşısına öz yaşlı versiyası (Bruce Willis) çıxır. Onu öldürməli olsa da, bu qərar zaman paradoksunu daha da dərinləşdirir. Film eyni şəxsin iki versiyasının həm özlərini, həm də sevdikləri insanı qorumaq üçün keçmişi və gələcəyi dəyişdirməyə çalışdıqları dramatik mübarizəni təsvir edir.
5. “Terminator” (1984) və “T-2: Qiyamət Günü” (1991)
Terminator filmləri distopik gələcəkdə robotların dünyanı ələ keçirdiyi bir ssenarini əks etdirir. İnsanlığın yeganə ümidi isə John Connor-un rəhbərlik etdiyi müqavimət hərəkatıdır. Birinci filmdə John doğulmadan əvvəl, onun anası Sarah Connoru öldürmək üçün keçmişə göndərilən android hekayənin əsasını təşkil edir. Məqsəd John-un doğumunun qarşısını almaqla bəşəriyyətin xilası imkanını məhv etməkdir. İkinci film isə tam əksinə, eyni robot bu dəfə gənc John-u başqa bir qatil maşından qorumaq üçün geri göndərilir. Hər iki film elmi fantastika və aksiyon janrının zirvəsində dayanan kino örnəkləridir.
Mənbə: gq.com.tr
Tərcümə etdi: Xavər Məmmədli
