Los Ancelesi yüksəkdən seyr edən Mount Lee dağının zirvəsində yerləşən "Hollywood" işarəsi Amerikanın dərhal tanınan mədəniyyət simvollarından biridir. “Bu bizim London Körpümüz, Big Benimiz kimidir”– ABŞ-nin məşhur “şok rok” ifaçısı Alice Cooper 1978-ci ildə deyib. “Hollivudda bizim başqa bir simvolumuz yoxdur, yalnız Hollivud işarəsi var”.
Bu abidənin dəqiq olaraq nə vaxt ucaldıldığı dəqiq bilinməsə də, onun rəsmi 100 illiyi 13 iyul 2023-cü ildə qeyd olunub. Deməli, bu il o, 102 yaşını tamamlayır. İndi film sənayesi ilə sinonim halına gəlsə də, əslində, bu məqsədlə yaradılmayıb. Hətta bu işarənin 18 aydan artıq dayanacağı belə nəzərdə tutulmayıb. Bu işarə Hollywood Hills bölgəsində yeni tikilən evləri reklam etmək üçün qısa ömürlü bir lövhə kimi nəzərdə tutulub. O vaxt işarədə hər biri 9 metr enində və 14 metr hündürlüyündə olan 13 böyük hərf olub və “HOLLYWOODLAND” sözünü təşkil edib, bu, evləri satan daşınmaz əmlak şirkətinin adı idi. Taxta və metal vərəqlərdən hazırlanan bu struktur telefon dirəkləri ilə dəstəklənib və onun tikintisinə 23,000 dollardan çox (bu gün təxminən 430,000 dollar və ya 300,000 funt sterlinq) pul xərclənib. İşarənin gözəçarpan olması üçün onun üzərində təxminən 4,000 ədəd lampa yerləşdirib və bu lampalar işarəni hissə-hissə – HOLLY, WOOD və LAND formasında yandıraraq parıldayıb. Hətta lampaları dəyişmək və baxım üçün Albert Koeth adlı bir ustaya iş verilib. Məqsəd əyləncə sənayesini təbliğ etmək yox, Los Anceles sakinlərinə aspirasiyaedici həyat tərzini tanıtmaq idi.
Sonrakı on ildə Los Anceles və film sənayesi inkişaf etdikcə işarə də yerində qalıb. Amma 1930-cu illərin Böyük Depressiyası dövründə ona göstərilən qayğı azalıb və işarə tezliklə dağılmağa başlayıb. Mahnı müəllifi və erkən hippie həyat tərzini təbliğ edən Eden Ahbez bir müddət bu işarənin ilk “L” hərfinin altında düşərgə qurub. Daha sonra o, Nat King Cole-un 1948-ci ildə məşhurlaşdırdığı Nature Boy adlı mahnının müəllifi kimi tanınıb. Hollivud işarəsi bədbəxt hadisələrlə də yadda qalıb. Ən məşhurlardan biri gənc aktrisa Peg Entwistle-in ölümü ilə bağlıdır. 24 yaşlı Uels doğumlu aktrisa Broadway-də uğurlu bir karyeradan sonra Hollivuda gəlib, amma filmlərdə iş tapa bilmədiyi üçün 1932-ci ilin 16 sentyabr gecəsi işarənin “H” hərfinə çıxaraq özünü atıb və intihar edib. 1976-cı ildə tələbə Danny Finegood pərdə ilə işarəni dəyişdirərək “HOLLYWeeD” edib. Bu da Kaliforniyada marixuana qanunlarının yumşaldılması ilə əlaqədar idi. İşarə daha da köhnələndə 1944-cü ildə daşınmaz əmlak şirkəti onu və ətrafındakı 425 akr inkişaf olunmayan torpağı simvolik olaraq 1 dollara şəhərə bağışlayıb. Bu vaxt artıq bir fırtına “H” hərfini yıxıb və sakinlər bu işarəni estetik baxımdan eybəcər hesab ediblər. 1949-cu ildə işarəni tamamilə sökmək qərarı verilsə də, Hollivud Ticarət Palatası bu qərarı dəyişməyə nail olub. Şərt o idi ki, təmir xərclərini özləri qarşılasınlar. “LAND” sözü silinib və mədəni bir simvol meydana çıxıb. Lakin 1970-ci illərin ortalarında, baxımsızlıq, hava təsirləri və vandalizm nəticəsində artıq 50 yaşında olan işarə yenidən dağılıb.
“Heç kim bu işarəni bərpa etməyi üzərinə götürmək istəmir” – Cooper deyib. “O, orada qəlbimizə çox doğma olsa da, gözümüzün önündə çürüyür. Mən düşünürəm ki, 40,000 və ya 50,000 dollarla bunu düzəltmək olar. Dedim ki, bir konsert verək və bütün gəliri ora yönəldək”. Lakin bu məbləğ yetərli olmayıb. Hollivud Ticarət Palatası struktur hesabatı hazırladıqdan sonra məlum olub ki, işarənin təmiri mümkün deyil, onu tamamilə yenidən tikmək lazım idi. Yeni polad hərflər Mount Lee-nin küləklərinə davamlı olması üçün beton təməl üzərində tikilməli idi. Layihənin ümumi dəyəri 250,000 dollar idi. 1978-ci ilin mayında “İşarəni Xilas Et” kampaniyası başlanıb və bir ay sonra Playboy jurnalının qurucusu Hugh Hefner villasında ulduzlarla dolu bir yardım gecəsi təşkil edib. Alice Cooper ilk sponsor olan şəxs idi. O, son “O” hərfinin sponsorluğunu öz üzərinə götürüb və onu bir il əvvəl vəfat edən dostu, komediyaçı Groucho Marx-a ithaf edib.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
