Bu gün:

Yaponiya əzələ hərəkətləri ilə robot idarə edən kapsul hazırlayıb


Elm fantastika filmlərində gördüyümüz texnologiyalar bəzən real həyatda da gerçək olur. Yaponiyanın H2L şirkətinin yeni layihəsi də məhz bu cür təsir bağışlayır. Şirkət insan əzələlərindəki hərəkətləri oxuyaraq robotu məsafədən idarə etməyə imkan verən xüsusi kapsul hazırlayıb. Bu sistem sayəsində robotlar artıq ekrandan deyil, birbaşa bədən hərəkətləri ilə idarə olunur. Beləliklə, sadəcə izləmək yox, robotun içində olmaq hissi də yaşamaq mümkün olur.

H2L tərəfindən hazırlanan kapsul olduqca qeyri-adi bir texnologiya ilə işləyir. İstifadəçinin bədənindəki ən kiçik əzələ hərəkətlərini belə başa düşən sensorlar vasitəsilə robot məsafədən ani şəkildə yönləndirilə bilir. Məsələn, biləkdəki bir hərəkət və ya baldır əzələsindəki yüngül bir gərginlik robotun yeriməsinə, əşya daşımasına və ya qapını açmasına səbəb ola bilər. İstifadəçi sanki öz bədəni ilə başqa bir məkana “köçmüş” kimi hiss edir.

Kapsulun daxilində yerləşən ekran və səsgücləndiricilər vasitəsilə robotun gördüyü və eşitdiyi hər şeyi istifadəçi də eyni anda müşahidə edə bilir. Bu isə joystick ilə idarədən daha irəli səviyyədə — fiziki inteqrasiya deməkdir.

Şirkət hazırda “proprioseptiv geri bildirim” adlanan bir sistem üzərində işləyir. Bu sistem vasitəsilə robotun toxunduğu əşyaların təzyiqi və çəkisi insanın bədənində də hiss ediləcək. Məsələn, robot bir qutu qaldırırsa, istifadəçi də qolunda həmin ağırlığı hiss edəcək.

Kapsul hələ ki, satışa çıxarılmayıb, lakin qiyməti artıq məlumdur, təxminən 30 milyon yen, yəni 208 min ABŞ dolları olacaq. Hazırda bu texnologiya daha çox tədqiqatçılar, texnologiya sərmayəçiləri və yeni texnologiyalara maraqlı fərdi istifadəçilər üçün nəzərdə tutulub. Qiymət yüksək olsa da, mütəxəssislər gələcəkdə bu texnologiyanın ilk ağıllı telefonlar kimi daha əlçatan olacağını düşünürlər.

Texnologiya hələlik bahalı və məhduddur, lakin bir çox mütəxəssislər hesab edirlər ki, bu yenilik gələcəyin əmək fəaliyyəti, səhiyyə və əyləncə sahələrində inqilab yarada bilər.

Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et