Yay aylarında günəşli havadan zövq alarkən dəridə günəş yanığı hallarına da tez-tez rast gəlinir. Yüngül və ya orta dərəcəli günəş yanığı əksər hallarda dərinin soyulması ilə nəticələnir. Bu hal bəzən narahatlıq, bəzən isə maraq doğurur. Bəs görəsən, dərimiz niyə soyulur və bu, əslində, nə deməkdir? Məsələyə daha yaxından nəzər salaq.

Günəş şüalarına həddən artıq məruz qaldıqda ultrabənövşəyi B (UVB) şüaları dəridəki hüceyrələrin DNT quruluşuna birbaşa təsir göstərir. Normal halda orqanizm bu şüalara qarşı müdafiə məqsədilə piqmentlər istehsal edir və melanin təbəqəsi hüceyrələri günəşdən qoruyan bir növ "çətir" rolunu oynayır. Lakin bəzi hallarda bu təbii müdafiə kifayət etmir və dəridə zədələnmə baş verir. Belə vəziyyətdə orqanizm güclü stressə məruz qalır və DNT-si zədələnən hüceyrələr özlərini məhv etməyə başlayır.
Əslində, dərimiz hər gün ölü hüceyrələrdən təmizlənir. Lakin günəş yanığı bu prosesi sürətləndirir. Zədələnmiş hüceyrələr tez bir zamanda bədəndən xaric edilməyə çalışılır və bu da dəridə görünən soyulma ilə nəticələnir. Yəni dəri soyulduqda orqanizm özünü bərpa etməyə çalışır.
Ancaq mütəxəssislər bu mərhələnin riskli olduğunu bildirirlər. Çünki soyulan dəri qatının altında hələ müdafiəyə hazır olmayan, yeni yaranan hüceyrələr yerləşir və bu hüceyrələr xarici təsirlərə qarşı daha həssas olur. Belə hallarda infeksiya riski artır və dəridə qalıcı izlər qala bilər.
Bundan əlavə, bəzi insanlar dəri soyulduqdan sonra yaranan su toplayan qabarcıqları partlatmaq meylində olurlar. Halbuki bu olduqca yanlış bir davranışdır. Su qabarcıqları dərinin özünü qoruma mexanizmlərindən biridir və onların partladılması dərinin təbii qoruyucu baryerinə zərər verir. Bu səbəbdən də dəriniz soyulursa, ona müdaxilə etmədən təbii şəkildə sağalmasına imkan vermək və nəmləndirici vasitələrdən istifadə etmək ən təhlükəsiz yanaşmadır. Müdaxilə etmək bəzən fayda deyil, zərər verə bilər.
Günəş şüalarından qorunmaq üçün gündəlik olaraq minimum 30 SPF qoruma faktoru olan günəş kremlərindən istifadə etmək, xüsusilə açıq dərili şəxslər üçün günəş altında baş örtüyü və uzunqol geyimlər geyinmək olduqca vacibdir. Günəş yanığı baş verdikdə isə ilk görülməli tədbir bol miqdarda su qəbul etməkdir. Çünki yanan dəri ciddi şəkildə maye itirir.
Nəmlikdən məhrum qalan dəri daha çox soyulur və daha asanlıqla qıcıqlanır. Dəri özünü bərpa edərkən həssas olur və buna görə də güclü nəmləndirmə dəstəyi sağalma prosesini sürətləndirir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
