Bu gün:

“Keçmişə dönüb baxanda kimsənin haqqına girdiyimi xatırlamıram” - aktrisa-aparıcı ilə MÜSAHİBƏ


24Media-nın budəfəki müsahibi istedadlı aktrisa-aparıcı Şəhanə Yusifovadır.

Bu sənətə gəlişinizdən və sizə dəstək olan insanlardan bəhs edərdiniz...

-Sənətə gəlişim təsadüfi olmayıb. Mədəniyyət sahəsində çalışmaq uşaqlıqdan arzum olub. Hətta aktrisalığın uşaqlıq arzum olduğunu deyərdim. Sadəcə olaraq neftçi ailəsində doğulduğum üçün məni həmin sahədə, yəni öz davamçıları kimi görmək istəyirdilər. Həm də nəsildə bu sahəyə meyil göstərən tək mən idim. Yaxın qohumlarımın hamısı  həkim, müəllim, mühəndis və s. peşələrdə çalışır. Xülasə, ailəm mənə dəstək oldu. 2010-cu ildə, yəni məktəbi bitirən kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinə qəbul oldum. Özümü ona görə çox uğurlu aktrisa hesab edirəm ki, peşəkar müəllimlərim olub. Fuad Poladov, Gülşad Baxşıyeva, Ötkəm İskəndərov, Laləzar Mustafayeva, Zemfira Nərimanova kimi Xalq artistləri mənim ilk gündən bu günə qədər borclu olduğum sənətkarlardır. Bəzən mənə deyirlər ki, mən sanki retro tərzi, müəllimlərimin dövründəki mədəniyyəti daha çox sevirəm, o dövrlə bağlı olan hər şey məni özünə cəlb edir. Aktrisa olaraq özümə hər mənada örnək aldığım yeganə insan Həmidə Ömərova olub. Biz həm ana-övlad, həm ailə dostu, ən önəmlisi isə sirdaşıq. Çox dəyərlidir Həmidə xanım...

Hansı rolu canlandırmağı çox istərdiniz?


-Döyüşçü qadın obrazı canlandırmamışam. Zənnimcə, maraqlı olar. Həm özüm, həm də tamaşaçılar üçün.

Hansı rolu heç vaxt canlandırmazsınız?

-Ümumiyyətlə, "heç vaxt" sözünü sevmirəm.

Ötən zaman sizə nələri öyrətdi?

- Səbirli olmağı öyrətdi. İnsanlara məsləhət vermək, kiminsə şəxsi işinə qarışmaq, baxış bucağını qınamaq heç sevmədiyim şeylərdir. Hər kəsə hörmət etməyi bacaran insanam. Sadəcə qəbul edib-etmədiyim şeylər var. İnsanlara ancaq bir tövsiyəm ola bilər: hadisələri hər zaman səbirlə qarşılayın.

İndiki ağlınız olsaydı...?

-Təəssüf etməyi sevmirəm deyə cümləni tamamlaya bilməyəcəyəm. Səhvimi başa düşən, ədaləti sevən insanam. Amma sonradan gələn ağıl artıq gec olur. Ona görə də təəssüflənib gələcək zamanımızı itirməyək.

Hansı hadisəni həyatınızda dönüş nöqtəsi hesab edirsiniz?

-Elə bir hadisə olmayıb. Xatırlamıram.

Hansı hərəkət və davranışınıza görə sizi sevməyə bilərlər?

-Mən çox səbirli insanam. Bunu həmişə ailəm, ətrafımda olan dostlarım, qohumlarım, demək olar ki, hər gün deyirlər. Amma belə bir nüans da var ki, səbirli olmağım mənim sevmədiyim, amma çox vaxt da məni qoruyan xasiyyətimdir. Səbrimin çox daşdığı bir vaxtda arxama baxmadan birdəfəlik gedə bilərəm, vicdanım da çox rahat olar. Çünki o qədər səbirli, anlayışlı olmuşam ki, özümü də qarşımdakı insanın yerinə qoyub ha düşünmüşəm, amma yox, alınmır. Belə zamanlarda mən həmişə əlimi götürüb gedirəm. Onda daha hörmətli oluram.

Sizcə, efirlərdə çatışan və çatışmayan cəhətlər hansılardır?

-Çoxdur. Amma düşünürəm ki, tamaşaçı gözü o qədər dəqiqdir ki, istedadlı, peşəkar və öz sahəsinin incəliklərinə bələd olan, başını aşağı salıb işiylə məşğul olanlarla bu günün axınına düşüb sadəcə fiqur kimi ortada fırlanan insanları çox gözəl ayırd edə bilir. Ona görə də əlavə fikrə ehtiyac yoxdur. Tamaşaçı gözü ən gözəl tərəzidir.

Mütaliə etməyi sevirsinizmi? Hansı əsərləri oxumağı tövsiyə edərdiniz?

-Bəli,sevirəm. F. İ. Dostoyevskinin "Cinayət və cəza", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Elxan Elatlının "Xəyanət" əsərlərini tövsiyə edərdim.

Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

-Axşamlar yürüş edirəm. Dənizkənarı Bulvarda gəzirəm. Bu mənim ən çox zövq aldığım, hətta həyat tərzimə çevrilən məşğuliyyətimdir. Çox yaxşı təsir edir, yorğunluğum çıxır, özümü daha gümrah hiss edirəm.

Sizin əhvalınızı nə korlaya bilər?

-Çox pozitiv insanam. Mən sadə insanları sevirəm. Gücündən və zəkasından asılı olmayaraq insan həmişə hadisələri səbirlə və sakit formada qarşılamalıdır. Qarşındakı insanı həmişə anlamalısan. Bu, vəzifəmizdən və tutduğumuz mövqedən asılı olmayaraq bizim insanlıq borcumuzdur. Mən hər gün müsbət aura ilə yuxudan oyanıb işimin arxasıyca gedən xanımam. Amma mən insanlar nəyəsə kefini korlayıb, kimdənsə heyfini çıxaranda sevmirəm. Ümumiyyətlə, mən belə şeyləri qəbul etmirəm. Haqsızlığı qəbul etmirəm. Həmin dəqiqə hadisəyə reaksiya verirəm, sakit formada da olsa, narazılığımı bildirirəm. Haqqıma girilməsini sevmirəm və kimsənin də haqqına girmirəm. Keçmişə dönüb baxanda kimsənin haqqına girdiyimi xatırlamıram. Bəlkə elə buna görə mən özümü bir başqa cür xoşbəxt hesab edirəm.

Aparıcılıq, yoxsa aktrisalıq? Seçim qarşısında qalsaydınız, hansını seçərdiniz?

-Aparıcı olaraq artıq neçə illərdir ki, müxtəlif layihələrə dəvət alıram. Amma 2 layihədə aparıcı olaraq fəaliyyət göstərmişəm. İndi hazırda 2-ci verilişimdir. Bu, film formatında hazırlanır və öz sahəsində ən peşəkar insanlara həsr olunur. Bu verilişimdən çox zövq alıram. Amma aktrisalığı o qədər sevirəm ki, o qədər ruh qoyuram ki, toz belə qondurmaram bu sahəyə. Bu da ondan qaynaqlanır ki, mənim müəllimlərim bu qaydanı belə qoyublar, bu sevgini qəlbimizə ötürə biliblər.

Paylaş
Şərh əlavə et