Bu gün:

"Dənizdən evə" - Arthur Hughes


“İncəsənətin inciləri” rubrikası “Dənizdən evə” əsərini təqdim edir.

Bu tablo Viktoriya dövrü İngiltərə rəssamlığının duyğusal dərinliyini və realizm gücünü birləşdirən nadir əsərlərdən biridir. Əsərin müəllifi Arthur Hughes İngilis rəssamı olub. O, Pre-Rafaelit hərəkatına yaxın durub, əsərlərində poetik, emosional və incə duyğuları təsvir etməyə üstünlük verib. Hughes əsasən gənclik, məsumluq və itki mövzularını romantik bir duyumla təqdim edib.

“Dənizdən evə” rəsmi bir baxışda sadə, sakit görünə bilər, amma tablonun içində böyük bir duyğu partlayışı, ağır bir hekayə gizlənib. Əsər bir kənd qəbiristanlığında keçir. Sol tərəfdə oturmuş qəhvəyi mantolu qız təmkinli, amma kədərli baxışlarla önündə diz çöküb yerə qapanmış gənc oğlana baxır. Oğlanın əlləri dua edirmiş kimi bir-birinə sıxılıb, başı əyilib, üzünü torpağa vermiş haldadır. Saçları küləkdə azca dalğalanıb, yanaqları al basıb. Onun yanında torbalanmış paltarlar və bir saman papaq var - bütün bunlar uzaq bir yoldan yeni gəldiyini göstərir.

Arxa planda sakit və yaşıllıqlara bürünmüş köhnə bir kilsə binası görünür. Qəbir daşları ətrafda səssizcə ucalıb, ölümün sakit şahidləri kimi görünür. Ağac budaqları yuxarıdan səhnəyə kölgə salıb, yerdə yayılan çiçəklər isə həyat və ölümün birgə varlığını xatırladıb.

Rəsm heç bir söz demədən böyük bir itkini, dərin bir kədəri danışıb. “Dənizdən evə” adı gənc oğlanın uzun və yorucu bir səyahətdən sonra kimin üçünsə, bəlkə anası, bəlkə bacısı üçün artıq yaşamadığı evə qayıtdığını göstərib. Onun üzü görünmür, amma bədəni və hərəkətsizliyi sanki “gec olub” deyir. Qızın sakit duruşu, gözlərini yerə dikməsi onun da eyni ağrını paylaşdığını göstərib. Bu iki gənc sözsüz bir yasda birləşib.

Arthur Hughes burada yalnız bir hadisəni deyil, bir ruh halını rəsmə köçürüb. O, tablosunda həm ayrılığın, həm qayıdışın, həm də ölümün nə qədər susqun və eyni zamanda nə qədər sarsıdıcı olduğunu göstərib. Əsər sevdiklərini itirən hər kəsin içində iz buraxan bir səhnə ilə insanı öz dərin düşüncələrinə qaytarıb.

“Dənizdən evə” yalnız bir səhnə deyil, ürəyin dərinliklərinə enən bir sükutdur.


Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et