Con Titor adlı şəxsin ortaya çıxması ilk dəfə 1998-ci ildə bir radio proqramına göndərilən faksla baş verib. Özünü Amerika Birləşmiş Ştatları ordusunda xidmət edən bir hərbiçi kimi təqdim edən bu şəxs zaman səyahəti ilə bağlı ətraflı məlumatlara sahib olduğunu iddia edib. Bu fakstan iki il sonra, 2000-ci ildə “John Titor” istifadəçi adı ilə bir internet forumunda peyda olub. Əvvəlcə digər istifadəçilər kimi adi paylaşımlar etsə də, tezliklə qeyri-adi biri olduğunu nümayiş etdirib. Çünki o, açıq şəkildə 2036-cı ildən gəldiyini söyləyib.

Titorun sözlərinə görə, o, ABŞ-də həyata keçirilən zaman səyahəti layihəsində hərbi qulluqçu kimi iştirak edib və bu missiyaya seçilməsinin əsas səbəbi babasının IBM 5100 kompüteri ilə əlaqəli olmasıdır. O bildirib ki, bu kompüter gələcəkdə meydana çıxacaq ciddi texnoloji problem üçün əsas həll vasitəsi olacaq. Titorun əsas missiyası 1975-ci ilə qayıdaraq bu kompüteri əldə etmək idi. 2000-ci ilə gəlməkdəki məqsədi isə ailəsini ziyarət etmək və insanları yaxınlaşmaqda olan təhlükələr barədə xəbərdar etmək olub.
O gələcəkdə ABŞ-nin beş ayrı bölgəyə bölünəcəyini və paytaxtın Omaha şəhəri olacağını qeyd edib. Onun sözlərinə görə, 2004-cü ildə vətəndaş müharibəsi başlayacaq və bu 2015-ci ildə qısa, lakin dağıdıcı Üçüncü Dünya Müharibəsi ilə nəticələnəcəkdi. Bu müharibə qlobal ekoloji fəlakətə səbəb olacaq və dünya düzəni tamamilə dəyişəcəkdi. Eyni zamanda, o dövrdə insanlara Creutzfeldt-Jakob xəstəliyinə qarşı diqqətli olmaq tövsiyə edilirdi. Titor bu ölümcül xəstəliyin iribuynuzlu heyvan məhsulları vasitəsilə sürətlə yayılacağını iddia edib.
Titor, həmçinin fizika elmində "çoxsaylı kainatlar nəzəriyyəsi"nin doğru olduğunu və zamanla səyahət edən şəxslərin, əslində, paralel bir reallığa keçdiklərini bildirib. Bu fikri ilə o, Şrödingerin məşhur pişiyinə də istinad edərək bütün mümkün nəticələrin müxtəlif zaman xətləri üzrə baş verdiyini vurğulayıb.
Lakin zaman keçdikcə onun dedikləri ilə reallıq arasındakı uyğunsuzluqlar ortaya çıxmağa başlayıb. Əvvəla, 2004-cü ildə ABŞ-də vətəndaş müharibəsi baş verməyib və Titorun xəbərdarlıq etdiyi genişmiqyaslı iğtişaşlar yaşanmayıb. ABŞ-də keçirilən prezident seçkiləri mübahisəli keçsə də, kütləvi üsyan qeydə alınmayıb. Bu isə onun apokaliptik proqnozlarının doğruluğunu şübhə altına alıb.
Bundan əlavə, Titorun bəzi iddialarının populyar filmlərdən ilham aldığı ehtimal edilir. Məsələn, zaman maşınının 1967-ci il model Chevrolet Corvette avtomobilinə yerləşdirildiyini deməsi, “Gələcəyə Geri Dönüş” filmindəki Delorean avtomobilinə bənzəyirdi. Kompüterlərlə bağlı gələcək problemlərlə əlaqədar fikirləri isə həmin dövrdəki Y2K panikasını xatırladırdı və bunun ictimai qorxulardan təsirləndiyi düşünülür.
Onunla bağlı heç bir rəsmi qeyd aşkarlanmayıb. Ailəsi haqqında da hər hansı məlumat mövcud deyil. 2009-cu ildə aparılan araşdırmalarda Florida ştatında yaşayan bir əyləncə hüquqşünası şübhəli şəxs kimi göstərilsə də, bu iddialar da sübuta yetirilməyib. Nəticədə, Con Titorun internet üzərindən hazırlanmış bir qrupun uydurması olduğu fikri üstünlük qazanıb.
Buna baxmayaraq, Con Titor internet tarixində ən sirli fiqurlardan biri kimi yadda qalıb. Bəzi tərəfdarları onun həqiqətən də gələcək hadisələri dəyişdirdiyinə və bu səbəbdən proqnozlaşdırdığı fəlakətlərin baş vermədiyinə inanmağa davam edir. Lakin əksər insanlar üçün o sadəcə ustalıqla qurulan bir şəhər əfsanəsidir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
