Bu gün:

“Çin sıradan çıxarılandan sonra bütün diqqətlər tam olaraq Rusiyaya yönələcək”-Şərh


Çin ABŞ-nin Rusiyadan sonra bütün diqqətini Pekinə yönəldəcəyindən ehtiyat edir. Siyasi şərhçi Cavanşir Abbaslı 24.media.az-ın mövzu ilə bağlı suallarını cavablayıb.

-ABŞ-nin diqqətini Rusiyadan sonra Çinə yönəltməsi Çinin hansı sahələrdə təzyiqə məruz qalması ilə nəticələnə bilər?

Çin dünya ağalığı uğrunda bütün sahələr üzrə rəqabətdədir. Ən güclü rəqibi isə heç şübhəsiz ki, Amerika Birləşmiş Ştatlardır. Hədəfinə çatmaq üçün dünyanın ikinci supergücü sayılan Rusiya ilə birlikdə olması Pekin üçün, həmçinin Rusiya üçün çox vacibdir və bu versiya real görünür. Əlbəttə, Çin sıradan çıxarılandan sonra bütün diqqətlər tam olaraq Rusiyaya yönələcək. Onun üçün də Rusiya-Çin əlaqələrinin yaxın olması hər iki tərəf üçün uyğundur, daha çox da Pekin üçün. Məhz bu baxımdan bir sıra məsələlər var ki, Çin şimal qonşumuzun yanındadır. Bu da, haradasa, başadüşüləndir. Çünki Rusiya məğlub edilsə, gözlər Çinin üzərində olacaq. O zaman Pekin həm də təklənəcək, Çünki daxili iqtisadiyyatı çox güclüdür. Rusiya ona daha çox siyasi yöndə dəstək nümayiş etdirir. Həm də bir məsələni unutmayaq ki, bu iki güc BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən ikisidir. Orada bir-birinə verəcəkləri dəstək çox önəmlidir və bu dəstəyi də dəfələrlə sübut ediblər.

-ABŞ və müttəfiqləri bu ehtimalı nəzərə alaraq Çinə qarşı qabaqlayıcı siyasət tətbiq edə bilərmi?

ABŞ və müttəfiqlərinin Çinə qarşı hansısa bir qabaqlayıcı tədbir almaları indiki vaxtda real görünmür. Çünki ABŞ-nin müttəfiqlərindən bir çoxu Çinlə yaxın iqtisadi-ticari əlaqələrə malikdir. Çin bəlkə Ukrayna savaşında hərbi qüvvələrlə Rusiyaya dəstək verib? Belə bir fakt yoxdursa, məsələ bitmiş sayılır. Digər əlaqələr bütün ölkələr arasında var. Bir də son Tramp-Putin telefon danışığını nəzərə alsaq, nə Çinin, nə də Rusiyaya yaxın olan digər dövlətlərin bundan sonra yaxın perspektivdə vurulacağı real deyil. Rusiya-Ukrayna savaşına Çinlə bağlı məsələnin necə təsir edəcəyinə gəlincə, heç bir təsiri olmayacaq. Çünki Çin heç də bu məsələdə tərəflərdən birinin yanında açıq şəkildə durmayıb. Düzdür, hər kəs Çin-Rusiya arasındakı yaxın iqtisadi-ticari əlaqələrdən xəbərdar olmamış deyil. Amma bu heç də Pekinin vurulması üçün əsas sayılmır. Xüsusilə, Tramp kimi rəhbər hazırda Çini vurmağa  risk etməz. Ukrayna məsələsində onun davranışlarından çıxış etsək, Ağ Ev sahibi Rusiya miqyasına görə belə böyük gözlənilən savaşa heç zaman girməz. Onun üçün də Rusiya-Ukrayna məsələsinin Çin-Amerika məsələsinə heç bir aidiyyatı yoxdur.


Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et