
Şarl Lekler və Lyuis Həmilton Britaniya Qran-Prisinin ikinci sərbəst yürüşündə ikinci və üçüncü nəticəni göstərdilər. Hər iki Ferrari pilotu Silverstounda maşının sürətindən razı qaldıqlarını bildiriblər, baxmayaraq ki, sürətli dövrədə əlavə potensial olduğunu da qeyd ediblər.
Şarl Lekler (2-ci): “Bu gün hər şey kifayət qədər problemsiz keçdi. Sükanda hisslər yaxşı idi, amma maşın üzərində hələ işləməliyik.
Sıralanma rejimində bir az geri qalırıq, amma yarış tempi baxımından sakitik. Bu trasda pilotaj etmək mənə həqiqətən zövq verdi və sabahı səbirsizliklə gözləyirəm.”
Lyuis Həmilton (3-cü): “Həyəcanverici bir gündür. Silverstounda ilk dəfə Ferrari sükanı arxasında olmaq inanılmaz bir hissdir.
Maşın hər iki sessiyada yaxşı idarə olunurdu, baxmayaraq ki, ikinci sessiyada sürətli dövrədə trafikə düşdüm. Bu səbəbdən daha sürətli getmək potensialı mütləq var.
Həmişə olduğu kimi bu trasda olmaq möhtəşəmdir.
Silverstoun dünyanın ən yaxşı trasıdır və şübhəsiz, mənim sevimli trasımdır.
Artıq cümə günü tribunaların bu qədər dolu olduğunu görmək çox xoş idi. Atmosfer sadəcə inanılmazdır.”
Mənbə: f1news
Tərcümə etdi: Fatimə Umarbəy
