Bu gün:

Teleqram yeni versiyası ilə geri dönüb


Teleqram 2025-ci ilin iyulunda Android və iOS üçün 11.13.0 versiyasını təqdim edib. Yenilənmə söhbət, məzmun yaradılması və idarə olunmasını asanlaşdıran funksiyalarla proqramın imkanlarını genişləndirib. 

Yoxlama siyahıları: İndi Teleqramda tapşırıqların idarə edilməsi

Teleqram-ın yeni funksiyalarından biri yoxlama siyahılarıdır. Bu xüsusiyyət, xüsusilə, Premium abunəçilər üçün faydalıdır. İstifadəçilər istənilən çatda, o cümlədən qruplarda və yadda saxlanılan mesajlarda görüləcək işlər siyahısı yarada bilirlər.


Teleqram bu siyahılar üçün ətraflı icazələr təyin etməyə imkan verir. Məsələn, kimlərin yeni element əlavə edə və ya tapşırıqları tamamlanmış kimi qeyd edə biləcəyi seçilə bilər. Bu xüsusiyyət Teleqram-ı sadəcə ünsiyyət vasitəsi deyil, kiçik layihə və tapşırıq idarəetmə platformasına da çevirir.


Tövsiyə olunan yazılar və kanallarda yeni qarşılıqlı əlaqə modelləri

Teleqram kanalları daha interaktiv etmək üçün “tövsiyə olunan yazılar” sistemini istifadəyə verib. Artıq istifadəçilər izlədikləri kanallara məzmun təklif edə, menecerlər isə bu yazıları təsdiqləyib paylaşa və ya rədd edə bilirlər. Bu xüsusiyyət icma iştirakını artırır və kanalların məzmununu daha zənginləşdirir. 


Məzmundan pul qazanma: 

Teleqram yeniləməsinin ən önəmli yeniliklərindən biri məzmundan birbaşa gəlir əldə etmə imkanıdır. Tövsiyə olunan yazılar artıq maddi həvəsləndirmə ilə dəstəklənir. İstifadəçilər Teleqram Stars və ya Toncoin vasitəsilə kanal menecerlərinə mükafat təklif edə, menecerlər isə paylaşdıqları məzun üçün bu ödənişi 24 saat sonra avtomatik ala bilirlər.


Əgər məzmun erkən silinərsə, Teleqram Stars ilə edilən ödənişlər istifadəçiyə geri qaytarılır, lakin Toncoin ödənişləri üçün bu imkan yoxdur. Teleqram qeyd edir ki, Stars 21 gün ərzində geri qaytarıla bilər, Toncoin isə blokçeyn əsaslı olduğu üçün geri dönməzdir. Bu sistem sayəsində istifadəçilər tətbiqdən çıxmadan məzmun tövsiyə edib mükafat qazana bilirlər. Teleqram bu modeli həm də filial təşviqi və reklam əməkdaşlığı üçün uyğun hesab edir.


Məxfilik və tətbiqdaxili ekosistem

Teleqram-ın vurğuladığı əsas məqamlardan biri bütün proseslərin, məsələn məzmun tövsiyəsi, mükafat ödənişi və təsdiqin tamamilə tətbiq daxilində baş verməsidir. İstifadəçilər üçüncü tərəf saytlarına yönəldilmir, bu da məlumatların təhlükəsizliyini və məxfiliyini təmin edir. Bu yanaşma Teleqram-ın istifadəçi məxfiliyinə verdiyi önəmi bir daha göstərir və həm məzmun, həm də maliyyə əməliyyatlarının tətbiq daxilində idarə olunmasına şərait yaradır. 


Teleqram əhatə dairəsini genişləndirir

Teleqram-ın iyul 2025 yeniləməsi mesajlaşma tətbiqlərinin sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda məzmun idarəetməsi, icma iştirakı və gəlir əldə etmə imkanlarını birləşdirən çoxşaxəli platformalara çevrildiyini göstərən bariz nümunədir.


Yoxlama siyahıları, təklif olunan yazılar və məzmundan birbaşa gəlir əldə etmə funksiyaları sayəsində Teleqram həm fərdi istifadəçilər, həm də məzmun yaradıcıları və icma menecerləri üçün daha cəlbedici və funksional platformaya çevrilib.


Teleqram-ın yaxın gələcəkdə bu xüsusiyyətləri daha da inkişaf etdirərək istifadəçi təcrübəsini yaxşılaşdıracağı gözlənir. Yeni funksiyaları dərhal sınaqdan keçirmək üçün tətbiqin son versiyasını Android və iOS mağazalarından yükləmək mümkündür.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et