Bu gün:

Arthur Ashe-nin mirası


İyirmi beş il əvvəl Arthur Ashe inanılmaz bir uğura imza atıb. O, gözlənilməz şəkildə amerikalı Jimmy Connors-u məğlub edərək Vimbldon Turnirində kişilər arasında qalib gələn ilk qaradərili kişi olub. Amma Ashe bu zəfərin həyatını təyin edən bir şey olmasını istəməyib.

Onun üçün irqi ayrı-seçkiliyə qarşı mübarizə daha vacib idi və bu mübarizədə Cənubi Afrika əsas döyüş meydanlarından birinə çevrilib. “Vimbldonu qazandığım üçün xatırlanmaq istəmirəm... Bunun üçün alqış alıram, amma bu, həyatımda ən vacib şey deyil, heç yaxın da deyil”– deyə o, 1993-cü ildə, ölümündən bir il əvvəl deyib. Lakin 5 iyul 1975-ci ildə Mərkəzi Kortda baş verən bu zəfər elə bir idman hadisəsi olub ki, təkcə tennis sevərləri deyil, hamını heyrətə salıb və bu il Vimbldon Muzeyində xüsusi sərgi ilə yad edilir. 

Ashe artıq 30 yaşını keçib, uzunboylu, sakit və təmkinli bir xarakterə sahib idi. Onun rəqibi Connors isə ondan 10 yaş kiçik, titulun müdafiəçisi və tez-tez “ərköyün” kimi təsvir edilən bir oyunçu idi. Ashe-in meydandakı bacarığı və cəsarəti onun kortdan kənardakı fəaliyyəti ilə tam uyğun gəlib. 1970-ci illərin əvvəlində Cənubi Afrika hökuməti ona viza verməkdən imtina edib. 1948-ci ildən etibarən tətbiq edilən irqçi "apartheid" rejimi səbəbilə Ashe ölkəyə buraxılmayıb. Hökumət bu qərarını Ashe-in "ümumi düşmən mövqeyi" və Cənubi Afrika haqqında açıq tənqidləri ilə əsaslandırıb. Ancaq 1973-cü ildə hökumət fikrini dəyişib və Ashe-ə Cənubi Afrika Açıq Turnirində iştirak üçün viza verib. Ashe həmin səfərə yalnız bir şərtlə razılaşıb: stadion həm qaradərili, həm də ağdərili azarkeşlər üçün açıq olmalı idi. Amma bu qərar ABŞ-dəkı anti-apartheid fəallarını və Cənubi Afrikadakı qaradərili icmanın bir hissəsini qəzəbləndirib.

Ashe-in dostu, britaniyalı jurnalist və tennis tarixçisi Richard Evans deyir ki, Ashe tənqidlərin fərqində idi. O, “gedib öz gözlərimlə görmədən bu ölkə haqqında fikir bildirə bilmərəm”- deyib. Evans xatırlayır ki, yazıçı Don Mattera Ashe-in qaradərili jurnalistlərlə görüşməsini təşkil edib, amma bu görüşdə atmosfer çox gərgin idi. “Kimsə arxamca ‘Uncle Tom’ (ağlara yaltaqlanan qaradərili) dedi” – deyə Evans bildirir. Bəzi jurnalistlər isə açıq şəkildə Ashe-ə "evinə qayıt" deyiblər və onun səfərinin hökumətin özünü təmizə çıxarmasına kömək etdiyini bildiriblər. Amma bütün qaradərili cənubi afrikalılar Ashe-in səfərinə qarşı olmayıb.

Yazıçı Mark Mathabane Yohannesburqun Alexandra qəsəbəsində böyüyüb. Bir gün nənəsi ilə birlikdə bir ağdərili ailənin evində bağbanlıq etdikləri zaman 1968-ci ilin Life jurnalını görüb, üz qabığında Arthur Ashe olub. Mathabane bu görüntüdən dərin təsirlənib və onu özünə ideal bilib. 1973-cü ildə Ashe Sowetoda tennis kliniki təşkil edəndə 13 yaşlı Mathabane də yüzlərlə gənclə birlikdə Ashe-i görmək üçün ora gedib. Oradakılar Ashe-i “Sipho” adlandırıblar – zulu dilində “hədiyyə” deməkdir. Ashe sonradan 1976-cı ildə Sowetoda Arthur Ashe Tennis Mərkəzini qurub. Lakin həmin il tələbə etirazları zamanı mərkəz dağıdılıb və illərlə baxımsız qalıb. 2007-ci ildə onun həyat yoldaşı tərəfindən yenidən bərpa olunub. Bu gün həmin mərkəzdə 16 kort, kitabxana və bacarıq inkişafı mərkəzi fəaliyyət göstərir. Serena və Venus Williams da burada kliniklər keçiriblər. Bu mərkəz yalnız tennis deyil, gənclərə liderlik və öz gücünə inamı aşılamaq məqsədi daşıyır. Başlanğıcda Ashe apartheide qarşı iştirak və dialoq yolu ilə mübarizə aparmaq istəyib. Amma Cənubi Afrikadakı təcrübəsi və beynəlxalq təzyiqlər nəticəsində o, boykot yolunun daha effektiv olduğuna qərar verib.

1985-ci ildə Cənubi Afrika səfirliyinin qarşısında keçirilən etiraz zamanı həbs olunması bu mübarizəni daha da beynəlxalq səviyyəyə çıxarıb. O dövrdə ABŞ-nin Devis Kuboku komandasının kapitanı olub, lakin bu həbsi səbəbilə işini itirdiyini düşünüb. Ashe yalnız Afrikada deyil, ABŞ və Haitidə də sosial ədalətsizliklərlə mübarizə aparıb. O, həm də HİV/AIDS mövzusunda maarifləndirici idi, çünki 1980-ci illərin əvvəllərində əməliyyat zamanı aldığı qanla virusa yoluxub. Ashe Virciniya ştatında irqi ayrı-seçkiliklə böyüdüyü üçün Cənubi Afrika qaradərili əhalisi ilə güclü bir empatiya qurub.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et