Rusiya Ukraynanın paytaxtı Kiyevə qarşı gecə saatlarında ümumilikdə 550-dən çox dron və ballistik raketlə tarixdəki ən kütləvi hava hücumunu həyata keçirib. 
Ukrayna prezidenti Volodimir Zelenski bu hücumu “qəsdən törədilmiş terror aktı” və “Moskvanın diplomatiyaya necə yanaşdığının açıq göstəricisi” adlandırıb. O, həmçinin qeyd edib ki, bu hücum Vaşinqton və Moskva arasındakı telefon danışığından dərhal sonra baş verib.
Kiyev sakinləri yeddi saat davam edən hücum zamanı metro stansiyalarında, zirzəmilərdə və yeraltı avtodayanacaqlarda sığınmaq məcburiyyətində qalıblar. Hücum nəticəsində şəhər üzərində qalın tüstü təbəqəsi yaranıb, 23 nəfər yaralanıb, onlardan 14-ü xəstəxanaya yerləşdirilib.
Kiyev meri Vitali Kliçko bildirib ki, şəhərin 10 rayonundan 6-sı zərər görüb. Holosiivskiy rayonunda tibb müəssisəsinə düşən dron qalıqları yanğına səbəb olub. Svyatoşinskiy rayonunda anbarda və binaların həyətində yanğınlar baş verib. Solomianskiy və Şevçenkivskiy rayonlarında da yaşayış binalarına ziyan dəyib.
Kiyevin dəmiryolu sistemi də pozulub – əsas stansiyanın zalı bağlanıb, sərnişinlər tunellər vasitəsilə çıxarılıb, bir çox qatar reysləri ləğv olunub və ya gecikib.
ABŞ-ın Müdafiə Nazirliyi bu həftə Ukraynaya silah göndərişlərini, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketləri dayandırıb. Ukraynalı rəsmilər bu qərarın şəhərləri müdafiəsiz buraxdığını və Rusiyanı daha da cəsarətləndirdiyini bildirirlər.
Zelenski müttəfiqləri – ABŞ, Birləşmiş Krallıq və Aİ-ni dərhal daha sərt sanksiyalar tətbiq etməyə və hava hücumundan müdafiə sistemləri göndərməyə çağırıb:
“Nəticələr olmalıdır – təkcə gələcəkdə yox, elə indi. Kremli dünya reaksiyasını izləyir. Digərləri də eynilə”.
Zelenski Trampla ABŞ silahlarının tədarükünü müzakirə etmək niyyətində olduğunu deyib, lakin ciddi dəyişikliyin olacağı gözlənilmir.
Ukraynanın hava hücumundan müdafiə raketlərinin tükənməsi fonunda, ölkə artıq yerli istehsal olan dronlardan istifadə edir. Lakin 550 hədəfdən 72-si vurularaq zərər yetirib və bu rəqəmlər ölkənin müdafiə sistemlərinin yüklənmiş olduğunu göstərir.
Digər tərəfdən, Ukrayna Rusiyanın Moskva yaxınlığında yerləşən Serqiyev Posad şəhərinə dron hücumu təşkil edib. Partlayış nəticəsində azı bir nəfər yaralanıb. Rostov vilayətinə edilən başqa bir dron hücumunda isə azı bir nəfər ölüb.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
