Meksika artıq onilliklərdir ki, narkotik kartelləri ilə əlaqələndirilir və bu sahədə qlobal mərkəzə çevrilib. Bəs niyə məhz bu ölkə kartelərin “vətəni” sayılır? Cavab coğrafi, tarixi və sosial-siyasi faktorlarla bağlıdır.

Əsas səbəblərdən biri Meksikanın ABŞ-la geniş sərhədə sahib olmasıdır. ABŞ dünyada narkotiklərin ən böyük istehlakçısıdır. Bu isə Meksikanı həm tranzit nöqtəsi, həm də marixuana və metamfetamin kimi narkotiklərin istehsal məkanı kimi ön plana çıxarır.
1940-cı illərdən etibarən Meksika narkotik istehsalı ilə məşğul idi, əvvəlcə tiryək və marixuana. Amma əsl artım 1980-ci illərdə başlayıb. ABŞ Kolumbiya kartellərinə qarşı mübarizəni gücləndirəndə, narkotik yolları Meksika üzərinə yönəlib və yerli cinayətkar qruplar bu kanalları nəzarətə götürüb.
Kartellərin güclənməsinin əsas səbəblərindən biri korrupsiyadır. Polis və dövlət orqanlarında çalışan şəxslər ya kartellərə göz yumur, ya da birbaşa əməkdaşlıq edirdi.
İşsizlik və təhsil səviyyəsinin aşağı olduğu yerlərdə kartellər alternativ qazanc yolu kimi görünür. Gənclər gələcək görmədikləri üçün bu strukturlara asanlıqla daxil olur.
2006-cı ildə Meksika hökuməti kartellərə qarşı açıq müharibəyə başlayıb, amma genişmiqyaslı islahatlar aparılmadan tətbiq olunan güc metodu vəziyyəti daha da gərginləşdirib: zorakılıq artıb və bəzi kartellər rəqiblərini sıradan çıxararaq daha da güclənib.
Mənbə: unodc.org
Tərcümə etdi: İbrahim Çobanlı
