Bu gün:

Squid Game başa çatarkən, cənubi koreyalılar onu ilhamlandıran reallığa qayıdır


Milyonlarla pərəstişkar Squid Game ilə vidalaşır – Netflix-in reytinq cədvəllərinə başçılıq edən və Cənubi Koreyanın Hollivudda yüksəlişinin simvoluna çevrilmiş Emmy mükafatlı serialla.


Bədii serialda maddi sıxıntı içində olan oyunçular bir-birini ənənəvi Koreya uşaq oyunlarında məğlub etməyə çalışırlar – lakin qətliamla. Hər turda uduzan öldürülür.


Squid Game 2021-ci ildən bəri şirniyyat rəngli dekorasiyaları və kapitalizm, insanlıqla bağlı qaranlıq mesajları ilə tamaşaçıları cəlb edir. Üçüncü və son mövsüm ötən cümə günü yayımlandıqdan sonra, dünyanın hər yerində pərəstişkarlar gerçəkliyə qayıdırlar.


Bəzi cənubi koreyalılar isə distopik seriala ilham verən cəmiyyət haqqında düşünməyə başlayıblar.


“Elə bilirəm ki, Squid Game 3 koreyalıların içindəki həqiqi hissləri və çılpaq düşüncələri ortaya qoydu”, deyə üçüncü mövsümdən bir kadrın altında YouTube şərhində yazılıb.

“Bu serial reallığı o qədər yaxşı əks etdirib ki, elə bil iş yerindəki kimi – orada səni əzməyə hazır amansız insanlarla doludur. Serial bunu tam yerinə yetirib.”


Tanınan çətinliklər


Squid Game, Cənubi Koreya cəmiyyətindəki amansız rəqabət və artan bərabərsizlik fonunda yaranıb – burada insanlar uşaq sahibi olmaq üçün belə çox stresli, universitetə qəbul imtahanı isə bir insanın həyatının əsas dönüş nöqtəsi sayılır.


Serialdakı müxtəlif personajlar – maaşlı işçi, miqrant zavod fəhləsi və kriptovalyuta dələduzu – Cənubi Koreyalıların tanıya biləcəyi real həyatdan götürülmüş tiplərdir.


Baş qəhrəman Seong Gi-hun’un hekayəsi – o, avtomobil zavodunda işini itirmiş və sonradan tətilə qoşulmuşdu – real hadisədən ilhamlanıb: 2009-cu ildə SsangYong Motor zavodunda keçirilən tətil zamanı işçilərlə çevik polis arasında toqquşmalar baş vermişdi. Bu hadisə ölkənin ən böyük əmək münaqişələrindən biri kimi yadda qalıb.


“Serial uydurma ola bilər, amma reallıqdan daha real hiss olunur”, – filmləri sevən Jeong Cheol Sang Squid Game-in final mövsümü barədə yazdığı rəydə bildirib.

“Qeyri-sabit əmək, gənclərin işsizliyi, dağılmış ailələr – bunlar sadəcə süjet alətləri deyil, hər gün yaşadığımız real problemlərdir.”


Lakin bu qaranlıq mesajlar şənbə gecəsi bir qədər arxa plana keçdi – çünki serialın final mövsümünün çıxışını qeyd edən böyük bir parad təşkil olunmuşdu. Qatil nəhəng kukla və trenajor geyimli sifətsiz mühafizəçilər – ölümcül oyunların digər motivləri ilə birlikdə – Seulun mərkəzindən coşqu ilə keçid etdilər.


Cənubi Koreya rəhbərləri üçün Squid Game K-dramanın beynəlxalq uğurunun simvoluna çevrilib. O, eyni zamanda BTS kimi K-pop qrupları və Oskar mükafatlı “Parazit” filmi ilə yanaşı yeni seçilmiş prezident Lee Jae Myung-un diqqət mərkəzindədir. Prezident bu uğurları K-mədəniyyətin dünyaya ixracı üçün dəyərləndirmək niyyətindədir.


Squid Game həvəsi daha da genişlənə bilər: serialın son səhnəsində Cate Blanchett Los-Ancelesdə bir kişi ilə Koreya oyunu oynayır – bu da Amerikada spin-off (yan hekayə) çəkiləcəyi ilə bağlı şayiələrə səbəb olub.


Serialın ulduzu Lee Jung-jae BBC-yə bildirib ki, serial “açıq sonlu” bitib.

“O, tamaşaçıya çoxlu suallar təqdim edir. Mən ümid edirəm ki, insanlar bu suallar haqqında düşünəcək, özlərində cavab axtaracaq və bu mövzuları müzakirə edəcəklər.”


Qarışıq reaksiyalar


Serialın sonrakı mövsümlərində tamaşaçılar Gi-hun-un oyunların təşkilatçılarına qarşı mübarizəsini izləyirlər. Bu oyunlar varlı VIP-lər üçün əyləncə məqsədilə təşkil olunur.


Lakin onun üsyanı uğursuz olur və sonda Gi-hun başqa bir oyunçunun körpəsini xilas etmək üçün özünü qurban verir – bu sonluq izləyiciləri iki yerə bölüb.


Bəziləri bildiriblər ki, Gi-hun-un bu hərəkətləri serial boyu yaradılmış qaranlıq reallıqla uyğun gəlmir – serial insan təbiətinin amansız yönlərini çox yaxşı əks etdirmişdi.


“Personajların həddən artıq fədakar davranışı narahatlıq doğururdu – sanki bir növ dengesiz səxavət idi,” – Cənubi Koreyada məşhur olan Nate Pann forumunda bir şərhdə yazılıb.

“Bu, real səbəb olmadan yad insanları ailədən üstün tutan saxta və nümayişkaranə bir mərhəmət kimi hiss olunurdu.”


Lakin bəziləri isə deyirlər ki, Gi-hun-un ölümü serialın narahatedici həqiqətlərə sadiqliyini göstərirdi.


“Bu, insanlıq və serialın mesajını mükəmməl şəkildə təsvir edir,” – bir başqa izləyici YouTube-da qeyd edib.

“Əlbəttə, biz istərdik ki, Gi-hun qalib gəlsin, frontmanı və VIP-ləri məğlub etsin və oyunları dayandırsın – amma bu, nə onun yaşadığı dünya idi, nə də bizim.”


Serialın müəllifi Hwang Dong-hyuk bazar ertəsi jurnalistlərə bildirib ki, final mövsümə verilən “qarışıq reaksiyaları” başa düşür.

“Birinci mövsümdə heç bir gözlənti yox idi, ona görə şok və yenilik təsirli oldu. Amma ikinci və üçüncü mövsümlərdə gözləntilər çox yüksəldi və bu hər şeyi dəyişdi”, – Hwang deyib.


“Oyun sevənlər daha çox oyun istəyirdi, bəziləri daha dərin mesajlar, digərləri isə personajlara daha çox diqqət yetirilməsini istəyirdi. Hər kəs fərqli şeylər gözləyirdi.”


Ən azından bəzi izləyicilər üçün Gi-hun-un son seçimi reallığın ümidverici bir əksi idi: çətin zamanlarda belə mərhəmət qalib gələ bilər.


“Bu ziddiyyət – qəddarlıqla istiliyin yanaşı mövcudluğu – finalı bu qədər təsirli edən şey idi,” – film bloqqeri cənab Jeong bildirib.

“Squid Game-i izləyəndə özüm haqqında düşündüm. Təhsil və psixoloji məsləhət sahəsində çalışan biri olaraq özümə sual verdim: Görəsən, mərhəmət doğrudanmı nəyisə dəyişə bilər?”


“Ona görə bu hekayəni axıra qədər izlədim. Ona görə bu sonluğa ‘gözəl’ deyirəm.”


Mənbə: BBC

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et