İtaliyanın “Yuventus” klubunda çıxış edən gənc istedad Kenan Yıldız bu mövsüm göstərdiyi uğurlu çıxışı ilə Premyer Liqanın nəhəng klublarının da diqqətini cəlb etməyi bacarıb. Bu vəziyyəti nəzərə alan “Yuventus” rəhbərliyi futbolçu ilə bağlı vacib bir addım atmağa hazırlaşır.

Milli futbolçu Kenan Yıldız həm İtaliya A Seriyasında, həm də son olaraq FIFA Klublararası Dünya Çempionatında göstərdiyi performansla klubun diqqət mərkəzinə çevrilib.
“Tuttosport” - un yaydığı məlumata görə, “Yuventus” rəhbərliyi Kenan Yıldızın müqaviləsini uzatmaq və illik maaşını artırmaq üçün işə başlayıb. Klub rəhbərliyi gənc futbolçunu mükafatlandırmaq niyyətindədir və onunla bağlı ciddi qərar vermə mərhələsindədir.
Türkiyəli futbolçunun hazırkı müqaviləsi 2029-cu ildə başa çatsa da, A Seriyası təmsilçisi bu müddəti 2030-cu ilə qədər uzatmağı planlaşdırır. Bununla da, “Yuventus” Kenanı yaxından izləyən “Arsenal”, “Çelsi” və “Liverpul” kimi Premyer Liqa klublarının transfer imkanlarını bağlamağı hədəfləyir.
Hazırda “Yuventus” - dan illik 1.5 milyon avro və əlavə bonuslar qazanan 20 yaşlı futbolçunun maaşında da ciddi artım nəzərdə tutulur. Xəbər detallarında vurğulanır ki, İtaliya klubu Kenan Yıldıza illik təxminən 3.5-3.6 milyon avro civarında bir maaş təklifi etməyi planlaşdırır. Bu rəqəmin bonuslarla birlikdə 4 milyon avro həddini keçəcəyi qeyd olunur.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
