Hər il sosial şəbəkələrdə geniş yayılan, oxunmalı kitablar siyahılarında yer alan və çox danışılan kitablar ortaya çıxır. Lakin nadir hallarda bir roman ədəbi aləmi aşaraq daha geniş mədəniyyət dünyasında bu qədər rezonans doğurur və nəşrindən bir il keçməsinə baxmayaraq, hələ də müzakirə mövzusu olaraq qalır.
Miranda July-nin "All Fours" romanı da belədir- qəribə, seksual və təəccüblü bir hekayədir. Qırxların ortasında həyatını dağıdan bir qadından bəhs edir. Keçən yaz nəşr olunduqdan sonra tezliklə "ağızdan-ağıza" yayılan sensasiyaya çevrilib. July qəzet əlavələrinin üz qabığında yer alıb, televiziya proqramlarında müsahibələr verib. TIME jurnalı onu 2025-ci ilin 100 ən nüfuzlu insanı sırasına daxil edib. Kitab televiziyaya uyğunlaşdırılmaq üçün seçilib və bir neçə nüfuzlu mükafata, o cümlədən, "Milli Kitab Mükafatları" (National Book Awards) və "Bədii ədəbiyyat üzrə Qadın Mükafatı" (Women’s Prize for Fiction) namizəd göstərilib. Ancaq bəlkə də bu romanın ən böyük təsiri yaratdığı söhbətlər olub. Xüsusilə qadınlar kitabı dostlarına, bacılarına, analarına, tanımadıqları qadınlara belə verərək oxumağı tövsiyə ediblər. Bir çoxu bu əsəri “həyat dəyişdirən” adlandırıb. Bəziləri isə ondan nifrət edib. Amma bu kitabı oxuyan hər kəsin deməyə bir sözü olub.
Romanda adı çəkilməyən baş qəhrəman July-nin özünə bənzəyən 45 yaşlı yarı məşhur bir rəssam və evli, bir uşaq anası Los-Ancelesdən Nyu-Yorka səyahətə çıxır. Bu səyahət onun özünə hədiyyəsidir. Bir viski şirkəti onun bir ifadəsini reklamda istifadə etmək üçün ona 20 min dollar ödəyib. Qadın bu səyahətlə “həmişə olmaq istədiyi rahat və sakit bir qadına” çevriləcəyini ümid edir. Amma Manhettənə çata bilmir. Hətta LA-dan belə çox uzağa getmir, Monrovia adlı bir qəsəbədə benzin üçün dayanır. Orada gənc bir oğlan Davey ilə tanış olur, bir moteldə gecələmək qərarına gəlir və sonra üç həftə orada qalır. Bu müddətdə 20 min dolları motelin otağını Paris oteli tərzində yenidən bəzəməyə xərcləyir. Onun coğrafi səyahəti emosional bir səyahətlə əvəz olunur. Romanda və qəhrəmanın düşüncələrində yaşlanmaq, ambisiya, yaradıcılıq, ölüm, analıq və evlilik kimi mövzular da yer alır. Qadınların həyatlarının ikinci yarısı üçün gözlənilən “standart yol”u sorğulayan bir əsərdir. Ciddi mövzulara toxunsa da, eyni zamanda, zarafatcıl və hazırcavab bir tərzi var.
Bəziləri üçün bu kitab həyatlarını dəyişdirib, July-nin Substack səhifəsində qadınlar kitab haqqında təəssüratlarını paylaşır: görülmək, başa düşülmək və azadlıq hissi. Bəziləri münasibətləri bitirib, bəziləri işdən çıxıb, digərləri isə sevdikləri ilə üzləşmək cəsarətini tapıblar. Amma hər kəs bu romanı qəbul etməyib. Feminist dairələrdə belə əsər çox bölücü olub. Bəziləri July-ni sadəcə “təhrik etmək üçün təhrik edir” kimi qəbul edib. Onu “iğrənc”, “utanverici”, “əlaqəsiz” və “kabusa bənzəyən” kitab kimi xarakterizə ediblər. Bəziləri qəhrəmanın əxlaqi seçimlərinə qəzəblənib: gənc bir oğlanla münasibət, açıq evlilik, və ya lüks içində qəribə davranışları, məsələn, motelin otağını 20 min dollara bəzəmək. Onu eqoist, uşaq kimi və yorucu hesab edənlər də az deyil.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
