İsmayıl Kartalın bu ilin yanvar ayında baş məşqçi təyin olunduğu İranın “Persepolis” klubu ilə yollarını ayırmaq qərarına gəldiyi bildirilir. Məlumata görə, İran təmsilçisi yeni baş məşqçi üçün yenidən Türkiyədən bir namizəd üzərində dayanıb.

“Persepolis”də fəaliyyət göstərən İsmayıl Kartalın ailəvi səbəblərdən ötəri klubla yeni müqavilə imzalamayacağı qeyd olunub. Bu səbəbdən İran təmsilçisinin baş məşqçi axtarışlarına başladığı və diqqətini daha bir türk mütəxəssisə yönəltdiyi iddia edilir.
"Fanatik" nəşrinin məlumatına əsasən, “Persepolis” klubu təcrübəli çalışdırıcı Abdullah Avcı ilə maraqlanır. Klubun artıq Avcıya rəsmi təklif göndərdiyi bildirilir.
Eyni zamanda, İran klub rəhbərliyinin Avcı ilə görüşmək üçün yaxın günlərdə İstanbulda olacağı qeyd edilir. Bundan əlavə, İranın digər tanınmış klubu “Esteghlal”ın da Abdullah Avcını komandanın sükanı arxasında görmək istədiyi və bu istiqamətdə onunla əlaqə yarada biləcəyi vurğulanır.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
