Bu gün:

Milqram eksperimenti və etik problemlər


Milqram təcrübəsi psixoloq Stenli Milqram tərəfindən 1960-cı illərdə keçirilib. O bu təcrübə ilə insanların hakimiyyət fiquruna itaət etdikdə nələrə razı olduqlarını öyrənmək istəyib.

Milqram iştirakçılar üçün belə bir ssenari yaradıb: bir nəfər "müəllim", digər şəxs isə "öyrənən" rolunu oynayıb. Müəllimə deyilib ki, öyrənən suallara səhv cavab verdikdə ona elektrik şoku verəcək. Əslində isə öyrənən aktyor olub və şoklar da saxta olub.

Şok səviyyələri tədricən artırılıb — 15 voltdan 450 voltadək. Hər mərhələyə “Cüzi Şok”, “Şiddətli Şok” və “Təhlükə: Güclü Şok” kimi yazılar vurulub. Sonuncu mərhələ “XXX” kimi işarələnib. Müəllimlər təcrübənin inandırıcı olması üçün əvvəlcə özləri 45 voltluq yüngül şoka məruz qoyulublar.

Öyrənən isə başqa otaqda əyləşib, əvvəlcədən yazılan səs effektləri ilə reaksiya verib — əvvəl inildəyib, sonra qışqırıb, daha sonra isə susub. Müəllimlər tərəddüd etdikdə təcrübə aparıcısı onlara "Təcrübə davam etməlidir" deyərək təzyiq göstərib.

Nəticələr çoxlarını sarsıdıb. İlk sınaqda iştirak edən 40 kişidən 26 nəfəri (65%) maksimum — 450 volt səviyyəsinə qədər davam etdirib. 150 voltdan sonra davam edənlərin təxminən 80%-i sona qədər gedib. Müəllimlərin bir çoxu ciddi narahatlıq keçirib, bəziləri ağlayıb, əsəbiləşib, lakin yenə də əmrlərə tabe olub.

Milqram bu nəticələrə təəccüblənib. O düşünüb ki, amerikalılar fərdiyyətə üstünlük verdikləri üçün itaət etməyəcəklər. Amma nəticələr bunun əksini göstərib — insanlar sadəcə “əmr verilib” deyə digərlərinə zərər verməyə hazır olublar.

Milqram təcrübənin bir neçə fərqli versiyasını da yaradıb. Bir variantda müəllimlərə özləri şok səviyyəsini seçmək imkanı verilib. Bu zaman cəmi 2,5%-i maksimum şok səviyyəsini seçib. Başqa bir versiyada təcrübəyə iki saxta müəllim əlavə olunub. Onlar etiraz etdikcə real müəllimlərin itaəti azalıb.

Milqram təcrübəsi bu gün etik baxımdan çox tənqid olunub. Çünki iştirakçılara real vəziyyət barədə doğru məlumat verilməyib, onlar aldadılıb, və sonradan yetərli şəkildə izah olunmayıb ki, şoklar saxta olub. Bəzi müəllimlər həqiqətən kimisə incitdiklərini zənn ediblər və bu onlarda travma yaradıb.

Təcrübə etik mübahisələr doğursa da, insanın hakimiyyət qarşısında necə davrandığını göstərib və psixologiya tarixində silinməz yer tutub.

Mənbə: Britannica

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et