Bu gün:

1957-ci ildə çəkilən Hollivudun ən məşhur şəkillərindən biri


1957-ci ildə çəkilən və Hollivudun ən məşhur şəkillərindən biri sayılan Sofia Lorenin Ceyn Mensfildə yan baxdığı həmin foto sadəcə təsadüfi bir an olmayıb, bunun arxasında planlaşdırılan bir hadisə dayanıb.

Sofia Lorenin "Hollivuda xoş gəldin" ziyafəti 1957-ci ilin aprel ayında Romanoff's restoranında keçirilib. Bu ziyafəti Paramount Studiyası təşkil edib və tədbirdə o dövrün ən məşhur ulduzları Barbara Stenvik, Montqomeri Klift, Qeri Kuper və Şelli Vinter kimi adlar olub. Amma məhz Loren və Mensfildin birgə çəkilən şəkli o axşamı Hollivud tarixində əbədi yadda qalan edib. Ceyn Mensfildin bioqrafiyasını yazan İv Qolden bildirir ki, Ceyn həmin gecə bütün diqqətləri üzərinə çəkmək üçün ora gəlib. 1955-ci ilin fevralında Warner Bros ilə 7 illik müqavilə imzalayıb. Playboy-un keçmiş modeli olan bu 24 yaşlı sarışın aktrisa Marilyn Monronun rəqibi kimi görülüb. "The Girl Can't Help It" (1956) və "Will Success Spoil Rock Hunter?" (1957) filmləri onun ulduz kimi tanınmasını sürətləndirib.

Sofia Loren Hollivuda gəldikdə cəmi 22 yaşında idi. O, faşist Mussolininin dövründə İtaliyada böyüyüb. Anası teatr sənətinə maraqlı idi. Gənc yaşlarında gözəllik müsabiqələrində iştirak edib, burada gələcək həyat yoldaşı, prodüser Karlo Ponti ilə tanış olub. Ponti onun ilk filmlərinin prodüseri idi. Müharibədən sonrakı İtaliyada Hollivud filmləri bol idi, çünki orada istehsal xərcləri daha ucuz idi. Bu dövr İtaliya və ABŞ arasında böyük bədii, iqtisadi və kino əməkdaşlığı ilə yadda qalıb. 1953-cü ilin "Aida" və 1954-cü ilin Kann festivalında nümayiş olunan "The Gold of Naples" filmlərindən sonra Loren Paramount studiyası ilə müqavilə bağlayıb. Studiyanın ümidləri onun Lesli Karon, İnqrid Berqman və Marlena Ditrix kimi Avropa ulduzlarının izindən gedəcəyinə idi. 1957-ci ilin aprelində Loren Hollivud elitası ilə tanış olmağa hazır idi. Ceyn Mensfild isə gecənin son qonağı kimi zala daxil olub. Böyük bir kürk palto ilə gəlib, amma onu çıxaranda arxası açıq, dərin sinə dekolteli saten don geyinib. Bu, əlbəttə, fotoqrafların diqqətini cəlb edib. "O, bilə-bilə Lorenin yanında əyləşib"- deyə Qolden bildirir. "Bu, planlaşdırılıb. Ceyn nə etdiyini çox yaxşı bilib”. Fotoqraflar Delmar Vatson və Co Şere onların birlikdə şəklini çəkiblər. Mensfild obyektivə düz baxıb, Loren isə ona yan baxıb, bu baxış sonradan Hollivud tarixinin ən məşhur yan baxışı olub. Lorenin nəzərləri Mensfildin sinəsinə dikilib. Bu şəkil artıq 68 ildir ki, simvol olaraq qalır. Hətta Haydi Klum, Anna Nikole Smit, Sidni Svini və Sofiya Vergara kimi məşhurlar da bu pozu təkrarlayıblar. Şəklin təsirli qalmasının səbəbi Lorenlə Mensfildin əks qütbləri təmsil etməsidir: zəriflik və göstərməcilik, Avropa və Amerika, brunet və sarışın. "Sanki qəsdən bir-birinə zidd şəkildə geyiniblər"- deyə Karolan qeyd edir.

Bu şəkil, eyni zamanda, media tərəfindən qadın rəqabətinin süni şəkildə şişirdilməsini göstərir. Həmin gecə onlar sadəcə bir dəfə görüşüblər. Loren isə sadəcə Mensfildin libasının dağılacağından ehtiyat edib.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et