Müasir dövrdə gənclərin peşə seçimi təkcə şəxsi maraqlara deyil, həm də sosial gözləntilərə, ailə istəklərinə və əmək bazarının tələblərinə əsaslanır. Bu istiqamətdə keçirdiyimiz kiçik sorğu tələbələrin hazırkı ixtisas seçimləri, bu seçimin onlara nə dərəcədə uyğun olduğu, eləcə də seçim zamanı tələbələrə qarşı təzyiqin olub- olmaması haqqında idi. Maraqlıdır ki, sorğu iştirakçılarının 90%-i 18–22 yaş aralığında olan tələbələrdən ibarətdir. Həmin tələbələrin təhsil həyatının aktiv mərhələsində olduğu üçün onların baxış bucaqları müasir gənclərin peşə seçimi ilə bağlı reallıqları əks etdirir.
İlk olaraq, respondentlərin hal-hazırda oxuduqları ixtisasın şəxsi istəklərinə uyğunluğu ilə bağlı sual ünvanlanıb və nəticələr göstərib ki, tələbələrin böyük bir qismi öz maraqlarına yaxın sahələri seçsə də, müəyyən tərəddüdlər və kompromislər də mövcuddur.

Əsas maraq faktoru
Peşə seçimində ən böyük təsir faktorunun “öz maraq və arzularım” olduğunu deyənlər 72.7% təşkil edir. Maraqlıdır ki, ailə istəkləri və maddi gəlir perspektivi yalnız 3 nəfərin seçimində əsas rol oynamışdır. Bu, yeni nəsil gənclərin daha çox daxili motivasiyalarla qərar verdiklərini göstərir.
Respondentlər əsasən filologiya (xüsusilə İngilis dili və ədəbiyyatı), jurnalistika, tərcüməçilik, politologiya, informatika və iqtisadiyyat sahələrində təhsil alırlar. Bu, humanitar sahələrə olan marağın hələ də yüksək olduğunu göstərir, lakin texniki sahələrin də təmsil olunduğu görünür.
Sorğunun ən maraqlı hissələrindən biri isə abituriyentlərə verilən tövsiyələr oldu. Respondentlərin əksəriyyəti gələcək tələbələrə “öz istəkləri və maraqları” əsasında peşə seçməyi tövsiyə edib. Bir respondent qeyd edir:
“Hər səhər universitetə sevinərək gedə biləcəyiniz bir ixtisasınız olsun. Eyni zamanda, işinizi də ona uyğun seçin”.
Bu kimi cavablar göstərir ki, gənclər arasında artıq daxili rahatlıq və mənəvi məmnunluq maddi qazanc qədər önəmli dəyərlərdən birinə çevrilib.
Sorğunun nəticələri göstərir ki, müasir gənclər peşə seçimində daha çox öz maraqlarını rəhbər tutur və daxili rahatlığı, şəxsi inkişafı önə çəkir. Lakin az da olsa, hələ də ailə istəyi və maddi perspektiv kimi xarici faktorların təsiri də qalmaqdadır. Bu baxımdan, peşə seçimi təkcə şəxsi məsələ deyil, həm də sosial-iqtisadi şəraitin formalaşdırdığı kompleks bir qərar prosesidir.
Rəna Qarayeva
