Bu gün:

İnsan beyni işıq saça bilər: Yeni araşdırma


İnsan beyninin zəif də olsa, işıq yaydığı sizə inanılmaz görünə bilər, lakin bu artıq elm tərəfindən təsdiqlənən bir faktdır. “Current Biology” jurnalında yayımlanan yeni bir tədqiqat insan beyninin metabolik fəaliyyəti zamanı "biofoton" adlanan işıq hissəcikləri yaydığını ortaya qoyub. Bu işıq çılpaq gözlə görünə bilməyəcək qədər zəif olsa da, xüsusi cihazlarla qeydə alınması mümkündür.

Canlılar aləmində bəzi orqanizmlərin işıq saçdığı uzun illərdir məlumdur. Lakin indiyə qədər insanların bu qrupa daxil olması nadir hallarda düşünülürdü. 1920-ci illərdən bəri aparılan müxtəlif elmi tədqiqatlar insanların da çox zəif səviyyədə, görünən işıq spektrində biofotonlar yaydığını sübut edib.

Kanadanın Alqoma Universitetindən bioloq Hayli Keysi rəhbərliyində həyata keçirilən son araşdırmada isə alimlər bu foton emissiyalarının insan beynində necə yarandığını öyrənməyə çalışıblar. Tədqiqatın diqqətçəkən cəhəti ondan ibarətdir ki, bu işığın kəllə sümüyünün xaricindən qeydə alınması mümkündür və bu emissiyalar beynin funksional vəziyyətindən asılı olaraq dəyişir.

Bu yeni tapıntılar əsasında tədqiqatçılar “fotoensefaloqrafiya” (photoencephalography) adlandırdıqları potensial bir beyin vizualizasiya texnologiyasının ilkin əsaslarını formalaşdırıblar.

Tədqiqatda iştirak edən könüllülər tam qaranlıq otağa daxil edilərək beyin fəaliyyətini izləmək üçün EEG (elektroensefaloqrafiya) cihazı ilə təchiz olunub və eyni zamanda, başlarının ətrafına yüksək həssaslıqlı foton gücləndirici borular yerləşdirilib. Bu cihazlar ən zəif işıq siqnallarını belə qeydə almağa qadirdir.

Araşdırma zamanı iştirakçılardan həm istirahət halında, həm də səsli stimul əsasında sadə tapşırıqları yerinə yetirərkən ölçülər alınıb. Nəticələr göstərib ki, insan beyni həqiqətən də xaricdən müşahidə edilə biləcək səviyyədə ultra zəif foton emissiyaları (UPE) yayır və bu emissiyalar EEG ilə ölçülən beyin fəaliyyəti ilə birbaşa əlaqəlidir.

Qeyd edilməlidir ki, sözügedən işıq klassik termal radiasiya ilə — yəni bədənin temperaturu nəticəsində yaranan enerji ilə qarışdırılmamalıdır. UPE-lər görünən və ya ona yaxın dalğa uzunluğunda yayılan fotonlardır və hüceyrə metabolizması zamanı elektronların enerji itirməsi nəticəsində yaranır.

Hazırda bu araşdırma ilkin mərhələdədir. Lakin elm adamları gələcəkdə bu zəif fotonların beyin xəstəliklərinin diaqnostikasında, fərdi beyin fəaliyyətinin xəritələndirilməsində və nevroloji pozuntuların izlənməsində istifadə edilə biləcəyini düşünürlər.

Tədqiqatçılar filtrasiya və siqnal gücləndirmə texnologiyaları ilə bu işığın daha dəqiq və ayırd edilə bilən formada müşahidə edilə biləcəyini, bununla da sağlam və patologiyalı beyin strukturlarının fərqləndirilə biləcəyini bildirirlər. Eyni zamanda, hər bir insana məxsus unikal UPE “barmaq izi”nin mövcud olub-olmadığını müəyyənləşdirmək gələcək planlar arasındadır.

“Biz insan beynindən yayılan ultra zəif foton emissiyalarını qaranlıq şəraitdə ətraf mühit işığından ayırmağı bacardıq,” – deyə araşdırmaçılar bildirir. Onların fikrincə, bu metod beyin sağlamlığının monitorinqində yeni bir dövrün əsasını qoya bilər.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et