Bu gün:

Böyük bizon qətliamı nədir?


19-cu əsrin ortalarında Şimali Amerikada baş vermiş böyük bizon qətliamı təkcə bu heyvanların yox olmasıyla deyil, yerli xalqların həyat tərzinin də məhv edilməsi ilə nəticələnib. 

Qətliamın arxa planı

1800-cü illərin əvvəlində Şimali Amerikada 30–60 milyon arasında bizon (Amerika camışı) yaşayıb. Bu böyük sürülər, xüsusilə, böyük düzənliklərdə yaşayan yerli tayfalar – Lakota, Sioux, Çeyenne və başqaları üçün həyati əhəmiyyət daşıyıb. Bizonlar təkcə qida deyil, həm də geyim, sığınacaq, əşyalar və mənəvi dəyərlər baxımından əsas mənbə sayılıb. 


Lakin 19-cu əsrin ortalarından etibarən ABŞ hökuməti yerli xalqları nəzarət altına almaq və qərbə doğru genişlənməni asanlaşdırmaq üçün bizonları hədəf alıb. Çünki yerli xalqların müqavimətinin əsasən bu heyvanlara olan asılılıqdan qaynaqlandığını biliblər.


Dəmir yollarının çəkilməsi ilə ağdərili ovçular qərbə doğru irəliləməyə başlayıblar. Hökumətin dəstəyi ilə hər il yüz minlərlə bizon öldürülüb. Çox zaman yalnız dəriləri götürülüb, qalan hissələri isə çöllərdə çürüməyə buraxılıb. Qətliam üsulları amansız olub. Belə ki, qatarlardan sürülərə atəş açılaraq yüzlərlə bizon bir anda ölürülüb. Bu həm əyləncə, həm də ticarət məqsədi daşıyıb. 


1870-ci illərə gəldikdə bizonların sayı kəskin şəkildə azalıb. 1880-ci illərdə demək olar ki, tamamilə yox olma həddinə çatıblar. 1890-cı illərdə vəhşi təbiətdə qalan bizonların sayı 500-dən aşağı olub.


Böyük bizon qətliamı təkcə ekoloji fəlakət deyil, həm də mədəni soyqırımı olub. Yerli xalqlar dolanışıq vasitələrini itirdiklərinə görə aclıq, xəstəlik və məcburi köçlərlə qarşılaşıblar. ABŞ hökuməti isə bu vəziyyətdən istifadə edərək onları rezervasiyalara yerləşdirməyə nail olub. 


Bu gün müxtəlif qoruma proqramları sayəsində bizonların sayı qismən bərpa edilib. Yellowstone Milli Parkı kimi ərazilərdə qorunan sürülər hələ də mövcuddur. Lakin böyük bizon qətliamı yalnız bir növün deyil, bütöv bir ekosistemin və həyat tərzinin məhv edilməsi deməkdir. Bu hadisə təbiətə və insanlığa vurulan ən ağır zərbələrdən biri kimi yadda qalır və bu gün də insanlığa ciddi bir dərs verir.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et