ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran sülhpərvər siyasət yürüdəcəyi və ABŞ-a təhlükə yaratmayacağı təqdirdə, ona qarşı sanksiyalar ləğv oluna bilər. "Fox News"a müsahibəsində Tramp İranın bir neçə gizli nüvə obyektinə malik olduğunu iddia edib və onların arasında Fordo obyektinin də olduğunu vurğulayıb. O, bu obyektlərin vurulacağını heç kimin gözləmədiyini deyərək, orada təhlükə zamanı girişlərin betonlanmağa çalışıldığını da əlavə edib. Mövzu ilə bağlı politoloq Turan Rzayev 24Media.az-da öz fikirlərini bölüşüb.
- Sanksiyaların ləğvi İranın iqtisadiyyatına necə təsir edəcək?
Sanksiyaların aradan qaldırılması İrana müsbət təsir edəcək. Xüsusən neft və təbii qaz sektorunun bərpası valyuta gəlirlərinin artmasına səbəb olacaq, bu da milli valyutanın möhkəmlənməsinə, idxal imkanlarının genişlənməsinə və inflyasiyanın azalmasına yol açacaq. Xarici investorların ölkəyə marağı birdən birə artmasada tədricən bunun da olması istisna deyil. Bununla belə, sanksiyaların ləğvi iqtisadiyyatın problemlərini birdən həll etməyəcək. İranın bank və maliyyə sistemi beynəlxalq standartlara tam inteqrasiya olunmayıb, korrupsiya və bürokratiya hələ də ciddi maneədir. İqtisadi strukturun şaxələndirilməsi və özəl sektorun inkişafı üçün islahatlar zəruridir, əks halda neftə asılılıq iqtisadi zəifliyi davam etdirəcək. Bundan başqa daxili siyasi sabitlik və idarəetmə şəffaflığı olmadan iqtisadi inkişaf dayanıqlı ola bilməz.
- Bu qərar iki dövlətin münasibətlərinə necə təsir edəcək?
Sanksiyaların ləğvi ABŞ-İran münasibətlərində mövcud gərginliyi azaltmaq üçün diplomatik körpü rolunu oynaya bilər. Bu, hər iki tərəfin dialoqa qayıtması üçün ilk addım kimi qiymətləndirilir. Lakin münasibətlərin dərinləşdirilməsi yalnız iqtisadi aspektlərdən aslı deyil. Xüsusi ilə İran ilə İsrail arasında yaşanan 12 günlük gərginlik ABŞ-nin prosesdə aktiv rol oynaması indiki məqamda ciddi problemdir. Bütün bu problemlər bir yana ABŞ və müttəfiqləri İranın nüvə proqramında şəffaflıq və nəzarət mexanizmlərinə ciddi riayət etməsini tələb edir. Düzdür İranın nüvə obyektlərinə ciddi zərər dəysə də Tehrnaın proqramdan imtina edəcəyini demək çətindir. ABŞ daxilində İranla münasibətlərin normallaşdırılmasına qarşı ciddi siyasi müqavimət mövcuddur. Xüsusi ilə Yahusi lobisinə yaxınlığı ilə seçilən siaysətçilər bunu istəmir. Bu da prosesin uzun və mürəkkəb olacağını göstərir. İki ölkə arasındakı münasibətlərin normallaşması üçün hər iki tərəfdən real və davamlı addımlar tələb olunur, sadəcə sanksiyaların ləğvi diplomatik buzları tam əridə bilməz. Şübhəsiz Trampın açıqlaması bəzi siyasi niyyətləri nümayiş etdirmək baxımından önəmlidir, lakin sanksiyaların ləğvi yalnız prosesin başlanğıcı ola bilər.
Ayşən Səlimova
