Bu gün:

Hind kinosunun ən ikonik filmi olan “Sholay” geri qayıdır


Hindistan ekranlarında ilk dəfə yayımlandıqdan 50 il sonra, bəlkə də Hind kinosunun ən ikonik filmi olan “Sholay” (Közlər) möhtəşəm şəkildə geri qayıdır.

Kinosevərlər üçün mühüm hadisə olaraq, Ramesh Sippynin 1975-ci il şah əsəri olan bu filmin bərpa edilən, kəsilməyən versiya İtaliyanın Bolonya şəhərində keçirilən "Il Cinema Ritrovato" festivalında dünya premyerasını edəcək. Bu versiyada senzura tərəfindən dəyişdirilən orijinal sonluq və daha əvvəl kəsilmiş səhnələr də yer alır. Film Avropanın ən böyük açıq hava ekranlarından biri olan Piazza Maggioredə nümayiş olunacaq və bu əfsanəvi filmin bərpa olunan versiyasına yaraşan möhtəşəm bir mühit yaradacaq.

Salim-Caved adlı ssenarist dueti tərəfindən yazılan film Amitabh Bachchan, Dharmendra, Hema Malini, Jaya Bhaduri, Sanjeev Kumar və unudulmaz Amjad Khanın (Gabbar Singh rolu ilə) başçılıq etdiyi ulduz aktyor heyəti ilə lentə alınıb. Film Qərb və samuray janrlarından ilhamlansa da, tamamilə Hindistana xas bir əsər olaraq qalır. 204 dəqiqəlik film Ramgarh adlı uydurma kənddə keçən klassik bir xeyirlə şərin mübarizəsini təsvir edir. Burada iki xırda cinayətkar – Jai və Veeru (Bachchan və Dharmendra) keçmiş bir həbsxana rəisi Thakur Baldev Singh tərəfindən qəddar quldur Gabbar Singh-i məğlub etmək üçün tutulur. Filmin ilk nümayişi zamanı Mumbai şəhərindəki 1,500 nəfərlik Minerva kinoteatrında fasiləsiz olaraq beş il göstərilib.

Bu film həm də bir mədəniyyət fenomeninə çevrilib: dialoqları toylarda səsləndirilir, siyasi çıxışlarda qeyd olunur və reklamlarda parodiya edilir. "Sholay dünyanın səkkizinci möcüzəsidir"- deyə filmdə kiçik şəhər cinayətkarını canlandıran Dharmendra yaxınlarda verdiyi açıqlamada bildirib.

Yeni bərpa versiyası filmin orijinal sonluğunu və daha əvvəl göstərilməyən səhnələri də əhatə edən ən sadiq rekonstruksiyasıdır. Bu barədə "Film Heritage Foundation" təşkilatından Shivendra Singh Dungarpur məlumat verib. Orijinal versiyada Gabbar Singh Thakur tərəfindən başmaqdakı tikanlı dəmir vasitəsilə öldürülür. Amma senzura buna qarşı çıxıb. Onlar keçmiş polis məmurunun qanunu öz əlinə almasına etiraz ediblər və filmin üslublaşdırılan zorakılığını da həddindən artıq hesab ediblər. Film Fövqəladə Vəziyyət dövründə (Emergency) kinoteatrlara çıxıb – bu zaman mülki hüquqlar dayandırılıb. Senzuranı razı salmaq cəhdləri uğursuz olduqdan sonra Sippy məcbur olub ki, filmi yeni sonluqla yenidən çəksin. Aktyor heyəti və texniki komanda Hindistanın cənubundakı Ramanagaram dağlarına – Ramgarh kəndinə çevrilən bölgəyə geri çağırılıb. Yeni, yumşaldılmış sonluqda Gabbar öldürülmür, tutulur. Bu dəyişiklikdən sonra film, nəhayət, nümayiş üçün təsdiq alıb. Filmin üç il davam edən bərpa prosesi asan olmayıb. Orijinal 70 mm-lik nüsxələr yox olub, kamera neqativləri isə çox pis vəziyyətdə olub.

2022-ci ildə Ramesh Sippy-nin oğlu Shehzad Sippy Mumbaidə yerləşən Film Heritage Foundation ilə əlaqə saxlayaraq filmin bərpasını təklif edib. O, bir neçə film elementinin Mumbai anbarlarında saxlandığını açıqlayıb. Bu riskli görünən cəhd gerçək möcüzəyə çevrilib: etiketlənməyən qutuların içindən orijinal 35 mm kamera və səs neqativləri tapılıb. Həyəcan bununla bitməyib. Sippy Films əlavə edib ki, Böyük Britaniyada saxlanılan əlavə lentlər də mövcuddur. Britaniya Film İnstitutunun dəstəyi ilə arxiv materiallara çıxış əldə edilib. Onlar İtaliyanın Bolonya şəhərində yerləşən L’Immagine Ritrovata – dünyanın ən məşhur film bərpa studiyalarından birinə göndərilib. Arxivçilər həm Mumbai, həm də Böyük Britaniyadan olan materialları istifadə edərək filmi yenidən bərpa ediblər. Hətta filmin çəkildiyi orijinal kamera da tapılıb.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et