Bu gün:

"İngiltərə yığmasını idarə etmək üçün darıxmıram" - Sautgeyt


Keçmiş İngiltərə baş məşqçisi Qaret Sautgeyt deyib ki, “Üç Aslan”ı (İngiltərə millisini) idarə etməkdən ötrü darıxmayıb.

54 yaşlı Sautgeyt ötən yay Avro-2024 finalında komandası İspaniyaya uduzduqdan sonra millidəki vəzifəsindən ayrılıb.

O, 7 il yarım ərzində İngiltərəni iki dəfə Avropa çempionatının finalına çıxarıb, amma hər ikisində də ikinci olub.

2018-ci ildəki dünya çempionatında İngiltərənin qazandığı dördüncülük isə 1990-cı ildən bəri ən yaxşı nəticə sayılır.

Bu həftə İngiltərə futboluna verdiyi xidmətlərə görə cəngavər titulu alan Sautgeyt deyir ki, artıq millinin başında olmaq istəmir.

“Oyunlara baxmaq bir az qəribə hiss etdirir, amma darıxmıram", - deyə o BBC Sport-a bildirib.

“Düşünürəm ki, indi sadəcə kənardan baxmalıyam. Artıq bu komanda onlara aiddir, mən də onlara mane olmamalıyam".

Sautgeyt bu titulu alan dördüncü İngiltərə baş məşqçisi olub. Ondan əvvəl ser Valter Vinterbottom, ser Alf Remzi və ser Bobbi Robson bu ada layiq görülüblər.

Ondan işinin hansı hissəsindən ötrü darıxıb-darıxmadığı soruşulanda belə cavab verib: Artıq bir ölkənin bütün ümidlərini daşımaq məcburiyyətində olmamaq ona yüngüllük gətirib.

“O hissi izah etmək çətindir. O məsuliyyət aradan qalxana qədər başa düşmürdüm ki, əslində gün ərzində nə qədər ağır yük daşıyırmışam. Hər saat düşünürdüm: İngiltərə yığmasını necə daha yaxşı edim? Futbolçularla nə kimi uğurlar qazanır? Nəyi dəyişməliyik?”

“Böyük bir təşkilatın rəhbəri olan hər kəs kimi, mən də işimi necə daha yaxşı görə biləcəyimi fikirləşirdim".

Sautgeyt işdən ayrıldıqdan sonra komandanın müvəqqəti işçisi Li Karsli olub. Daha sonra isə onu rəsmi olaraq Tomas Tuxel əvəz edib.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et