Bu gün:

"La Ghirlandata" - Dante Qabriel Rossetti


"İncəsənətin inciləri" rubrikası "La Ghirlandata" əsərini təqdim edir.

Dante Gabriel Rossettinin 1873-cü ildə çəkdiyi “La Ghirlandata” əsəri Pre-Raffaelit qardaşlığının əsas simalarından biri olan rəssamın yaradıcılığında həm simvolik, həm də poetik baxımdan xüsusi yer tutur. Əsərin adı italyanca "çələngli qadın" mənasını verir və rəsmdə təsvir edilən musiqi ifaçısı qadın çiçək çələngləri, musiqi və təbiətlə vəhdət halındadır.

Əsərin mərkəzində yaşıl paltarda, liraya (arpa bənzər qədim musiqi aləti) toxunan bir qadın yer alır. Onun ətrafını sarmaşıq yarpaqları, qızılgül çələngləri və arxa fonda yer alan iki mələk simalı fiqur bəzəyir. Qadının üzündəki sakitlik və ilahi baxış rəsmin mistik və ruhani aurasını gücləndirir.

Buradakı qadın modeli Rossettinin ilham pərisi və şəxsi həyatı ilə bağlı olmuş Alexa Wildingdir. O, rəssamın bir çox əsərində mələkvari və ilahi qadın obrazlarını canlandırıb. Arxa plandakı mələkləri isə ehtimalla Rossettinin sevgilisi və həmçinin rəfiqəsi olan Jane Morrisin qızı May Morris poza verərək canlandırıb.

"La Ghirlandata" əsərində Rossettinin rəng palitrası zəngin və təbiətlə harmonikdir. Yaşılın müxtəlif tonları həm təbiəti, həm də ruhi saflaşmanı simvolizə edir. Çələnglər, xüsusilə qızılgüllər sevgini, gözəlliyi və keçiciliyi təmsil edir. Liranın üzərindəki quş fiqurları isə musiqi, azadlıq və ruhani yüksəlişi simvolizə edir.

Rossetti bu əsərdə tipik Pre-Raffaelit prinsiplərinə sadiq qalır- təbiətə diqqət, detala dərin yanaşma, simvolizmin güclü istifadəsi və idealizə edilmiş qadın gözəlliyi. Bu cərəyanın nümayəndələri sənətdə sənayeləşmənin doğurduğu süni dəyərlərə qarşı çıxaraq, orta əsrlərə, ilahi məqamlara və saf hisslərə qayıdış axtarışında idilər.

"La Ghirlandata" Rossettinin həyatının son illərində tamamladığı ən nüfuzlu və texniki cəhətdən yetkin işlərindən biridir. Onun musiqiyə, qadın gözəlliyinə və simvolizmə olan heyranlığını bu rəsmdə aydın şəkildə görmək mümkündür. Əsər bu gün Londonun Guildhall İncəsənət Qalereyasında qorunur və izləyicilər tərəfindən həm estetik baxımdan, həm də mənəvi dərinliyi ilə yüksək dəyərləndirilir.


Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et