İnternet dünyanı fəth etməzdən əvvəl, psixodelik rok qrupu Grateful Dead onlayn ünsiyyətin ilkin mərhələsində olan ən erkən və ən təsirli qüvvələrdən biri idi.

Grateful Dead sadəcə bir musiqi qrupu deyildi – bu, bir həyat tərzi idi. Əvvəlcə Warlocks adlı yerli bluz qrupu kimi tanınan bu kollektiv tezliklə yazıçı Ken Kesey-nin “Acid Testləri”nin ev qrupuna çevrilib və 1960-cı illərin sonuna doğru ABŞ-də turnelərdə böyük gücə sahib olub. Grateful Dead San-Fransiskonun tipik əks-mədəniyyətini formalaşdırmağa kömək edib. Onlar folk və Amerikan musiqisini Şərq mənəviyyatı ilə birləşdirir, gələcəyə yönəlik texnoloji təcrübələr aparırdılar.
Lakin Dead yalnız rok və psixodelik mədəniyyətlə kifayətlənməyib. Musiqini sevən texnoloqların sayəsində Dead bəzi adamların “ilk real onlayn icma” adlandırdığı bir mədəniyyəti populyarlaşdırıb. Onların yaratdığı bu öncül rəqəmsal məkanın ideyaları bu gün də gündəlik həyatımızda əks-səda verir.
Texnologiya və Deadhead-lər
Grateful Dead pərəstişkarları – “Deadhead”-lər – qrupun texnologiyaya açıq yanaşmasından ilham alıblar. Onların qabaqcıl səsyazma sistemləri və multimedia vizualları çox təsirli idi. Bu fanatların bir çoxu özləri də texnoloq və mühəndis idilər – Silikon Vadisində və ya ABŞ universitetlərində çalışır, 1970-ci illərin sonlarında Grateful Dead konsert siyahılarını və qeyri-qanuni maddələri onlayn paylaşmaq üçün ilkin internet texnologiyalarından istifadə edirdilər.
1980-ci illərdə, World Wide Web-dən illər əvvəl San-Fransisko ətrafında The Well (Whole Earth ’Lectronic Link) adlı virtual bir onlayn icma yaranıb. Bu platforma sonradan internetin formalaşmasına böyük təsir göstərib. Onun uzunömürlülüyündə Grateful Dead fanatlarının payı böyük idi.
Whole Earth Kataloqundan The Well-ə
The Well yazıçı, aktivist və iş adamı Stewart Brand tərəfindən başlanan bir layihənin məhsulu idi. O, 1970-ci illərdə Whole Earth Catalog adlı çap nəşri buraxmağa başlayıb. Bu kataloq “alətlərə çıxış” şüarı ilə ekoloji və mənəvi prinsiplər əsasında həyat qurmaq istəyənlər üçün hazırlanıb.
Kataloq 1972-ci ilə qədər 1 milyon nüsxə satılıb. Kompüter şirkəti sahibi və həkim Larry Brilliant Stewart Brand-ə bu kataloqu onlayn qoymağı təklif edib. O dövrdə bu, çox radikal fikir idi. Brilliant avadanlığı və maliyyəni verib, Brand isə istifadəçiləri toplayıb və icma mədəniyyətini qurub. Nəticədə, 1985-ci ildə The Well istifadəyə verilib.
The Well: İnternetin sələfi
The Well erkən onlayn kommunikasiya vasitəsi olan BBS (bulletin board system) üzərində qurulub. Bu, bir telefon xətti və kompüterlə işləyib, ancaq digər BBS-lərdən fərqli olaraq The Well eyni anda 50 nəfərin danışa bilməsi üçün hazırlanıb. Bu, həmin dövr üçün inqilabi idi.
Ən əsası isə The Well kommersiya məqsədli CompuServe kimi platformalardan fərqlənib. O, Whole Earth Catalog-un “öz-özünə kifayət olmaq” fəlsəfəsi ilə yaradılmış, müxtəlif təbəqələrdən olan insanların ünsiyyət qurmasını təşviq edən sosial bir platforma idi.
Grateful Dead icmasının onlayn partlayışı
Platformaya dəvət alanlardan biri də musiqiçi və DJ David Gans idi. O və yoldaşları Bennett Falk və Mary Eisenhart Grateful Dead fanatları üçün forum yaradıblar. Eisenhart xatırlayırdı ki, Dead fanzinləri (fan jurnalları) ona bu ideyanı verib – insanlar bu jurnal vasitəsilə digər Deadhead-lərlə əlaqə qurmaq istəyirdilər.
Tezliklə bu forum partlayıb. Daxil olmaq saatı 2 dollar, üzvlük isə 8 dollar idi (bugünkü dəyərlə təqribən 6 və 23 dollar). Sadəcə bir mövzu ətrafında danışmaq üçün bu qədər pul ödəmək – Deadhead-lərin sadiqliyini sübut edib. Forum o qədər böyüyüb ki, müxtəlif mövzulara bölünüb: konsertlər, biletlər, kaset mübadiləsi və s.
The Well-in sosial çevrəsi və irsi
The Well Deadhead-lərdən başqa texnoloji jurnalistlər, AOL və Craigslist-in təsisçiləri, Apple-ın həmtəsisçisi Steve Wozniak, telefon hakerləri, hippilər və Wired jurnalının təsisçilərini də özündə birləşdirib. Orada hər kəs fikir mübadiləsi aparıb, bəzən mübahisə edib – lakin bu, platformanın canlı ruhunu daha da gücləndirib.
Əvvəlcə coğrafi olaraq San-Fransiskoya yaxın olanlar daha rahat qoşula biliblər. Uzun məsafədən qoşulanlar telefon xərcini ödəməli idilər. Amma 1990-cı ildən sonra The Well qlobal internetə qoşulub.
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
