Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin dekan müavini Daxil Vəliyev vəfat edib. Onun vəfatı Bakı Dövlət Universitetinin kollektivi tərəfindən böyük kədərlə qarşılanıb. 24Media.az saytı olaraq Daxil Vəliyevin həmkarlarının, tələbələrinin onunla bağlı xatirələrini sizinlə paylaşırıq:
Daxil Vəliyevin həmkarı Sona Çərkəz onu belə xatırlayırdı:
"O, sirdaş idi – çünki ürəyində kinə, hiyləyə, ikili oyuna yer yox idi. O, insanlara açıq, niyyətində düz, yanaşmasında saf idi. İnsanlara həmişə müsbət yanaşır, yaxşılıq etməyə tələsirdi. Onun varlığı insanlıq adına bir töhfə idi. O, insan idi – böyük hərflə yazılan İNSAN".
Sosial Elmlər və Psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Sevilə Xəlilova Daxil Vəliyev haqqında deyir:
"Onunla ilk tanışlığımız 14 sentyabr 2022-ci ildə olmuşdu. Dekan Rövşən müəllim universitetlə tanışlıq üçün bizi çağırmışdı, həmin vaxt Daxil müəllim də otağa girmişdi. Üzündəki səmimiyyət baxışından hiss olunurdu. Ölüm xəbərini eşidən kimi bu xatirə canlandı gözümdə.
Həqiqətən o qədər mərhəmətli, gözəl qəlbli insan idi ki, bəlkə də o fakültədə tam güvəndiyim tək insan idi. Çünki o həmişə bizi anlamağa çalışardı, heç vaxt heç bir tələbədən eşitməmişəm ki, Daxil müəllim onlara hirslənib, ya xətirlərinə dəyib. Sözün əsl mənasında mükəmməl insan idi.
Onun ölüm xəbərini aldığım andan bəri həqiqətən sarsılmışam, bütün tələbələrdən, müəllimlərdən də bunu eşidirəm".
Həmin fakültənin 3-cü kurs tələbəsi Yeganə Meydanzadə müəllimini belə anır:
"Daxil müəllimimin dillərdə əzbər olan məşhur xitab edişi var idi: "gözümün işığı". Daxil müəllimin dərsindən icazə alıb gedəndə, həmişə deyərdi: get gözümün işığı, amma evə çatanda xəbər edərsən. Səlahiyyətinə baxmayaraq, həmişə tələbələrlə iç-içə idi, sanki bizdən biri kimi... Heç yadımdan çıxmaz, bir dəfə bir fənndən qiymətimə baxırdı, seminardan aşağı qiymət aldığımı görüb, soruşdu ki, sən niyə belə aşağı qiymət almısan? Dedi sən oxu, biz həll edərik qiyməti. Bizə 1 semestrlik dərs keçdi, amma 1 ömür unudulmaz xatirə buraxdı, çünki hər tələbə onu yaxşı müəllimdən öncə, mükəmməl bir insan kimi xatırlayacaq".
Səbinə Cəlilli
