Vaşinqton yenidən İrana hücum edərsə, İran ABŞ-yə daha sarsıdıcı cavab verəcək. Bunu İran İnqilab keşikçiləri Ordusunun (SEPAH) komandiri, briqada generalı Məhəmməd Pakpur deyib. Mövzu ilə bağlı 24Media.az-a siyasi şərhçi Tural İrfan fikirlərini bölüşüb.
-SEPAH-ın bu sərt açıqlaması bölgədəki vəziyyətə necə təsir edir?

Sözsüz ki, bu tip açıqlamalar gərginlik yaradır. Lakin ABŞ-nin, daha dəqiq desək, prezident Trampın hansı addımı atacağı məlum deyil və o daha çox aldadıcı manevrlər edir. Mümkündür ki, yenidən həlledici hücumlara başlanılsın. İran daxilindəki SEPAH kimi qruplaşmaların belə bəyanatları nəinki bölgədə, ümumiyyətlə, dünyada gərginliyi artırır. Tramp administrasiyası nə özü ciddi bəyanatlar verir, nə də ona qarşı verilən bəyanatları ciddi qəbul edir. İranla bağlı son açıqlamaları da bunu təsdiq edir. Hətta İran ABŞ-nin bazalarına hücumdan əvvəl xəbər verdiyi üçün təşəkkür də edib. Çaşdırıcı addımlar atır. Müharibəyə qarışmadığını bəyan edərək son anda nüvə obyektlərini bombalayıb.
-Tramp administrasiyası bu təhdidlərə necə reaksiya verə bilər?
Trampın adının çəkilərək birbaşa hədəf göstərilməsi diplomatik əlaqələri tamamilə dayandıra bilər. Çin və Rusiyanın İrana dəstəyi davam edir. Adətən SEPAH-ın açıqlamaları siyasi yox, hərbi dillə verilir ki, bu da siyasi münasibətlərin daha da gərilməsinə səbəb olur. Ümumiyyətlə, müharibədəki müəyyən fasiləni İsrail və ABŞ-nin strategiya dəyişməsi üçün fürsət olduğunu düşünürəm. İndiki vəziyyətdə İsrail müharibəni bitirməkdə maraqlı deyil. Əsas hədəflərə çatmamış yarıda buraxmaz. Sadəcə, ola bilsin, İranın dağıdıcı raketlərinin hansı dərəcədə ziyan vuracağını düz hesablamayıblar və xalqın ayaqlanaraq rejimi devirəcəyini güman ediblər. Hətta həbsxanaların girişlərini belə vurublar ki, bəlkə, heç olmasa dustaqlar üsyan edə, lakin bu olmadı. Ona görə də fasilə elan edib fərqli metod və üsullar, əlavə planlar cızacaqlar. İranın əlində bu qədər dağıdıcı raketlərin olduğu halda heç zaman İsrail əl çəkməz. Çünki bu raketlər İsrailə daha dağıdıcı zərbələr vura bilər. İran hazırda qələbə elan edir, sanki İsrail və ABŞ-yə qalib gəlib. Amma sözü gedən dövlətlərin əlavə, həlledici hücum planının olmasını istisna etmirəm.
Aysel Mirzəyeva
