Rusiya Prezidenti Vladimir Putin “Sky News Arabia”ya müsahibəsində Ukrayna ilə münaqişənin həlli üçün əsas şərtləri açıqlayıb. Onun sözlərinə görə, Kiyev Rusiyanın nəzarətində olan Ukrayna ərazilərində keçirilmiş referendumların nəticələrini tanımalı, neytral status qəbul etməli, xarici alyanslara qoşulmamalı və nüvə silahına malik olmamalıdır. Putin bildirib ki, Ukrayna milli maraqlarına əsaslanmalı, Rusiyaya qarşı yönəlmiş "marionet rejimlərin" təsiri altına düşməməlidir. O, həmçinin qeyd edib ki, bu məsələlər 2022-ci ildə İstanbulda müzakirə olunub və tərəflər razılaşmaya yaxın olublar. Mövzu ilə bağlı politoloq Əli Mustafa 24Media.az-da öz fikirlərini bölüşüb.
-Bu tələblərə Ukraynanın rəsmi mövqeyi necə olacaq?

"Ukraynanın bu məsələlərə münasibəti, təbii ki, müsbət deyil. Çünki ilk şərt Ukraynanın ərazi bütövlüyündən keçir, konkret olaraq Rusiyanın işğal etdiyi ərazilərin Ukrayna tərəfindən tanınmasını tələb edir. Prezident Zeleniski dəfələrlə bəyan edib ki, bu, Ukrayna konstitusiyasına ziddir, yəni o, Ukraynanın hər hansı bir ərazisini heç kimə verə bilməz. Onun belə bir səlahiyyəti yoxdur. Əlbəttə, əgər bu tələblər yerinə yetirilərsə, ola bilsin ki, təhlükəsizlik məsələləri həll oluna bilər. Amma qeyd etdiyim kimi bu tələblərin gerçəkləşməsi mümkün deyil. Düzdür, Ukraynanın neytral olma şərti, başqa alyanslara qoşulmama məsələsi var. Bu məsələləri, bəlkə də, Ukrayna tərəfi müzakirə edə bilər, o cümlədən nüvə silahından zatən imtina edibdir. Amma dediyim kimi Ukrayna ərazilərinin Rusiyanın ərazisi kimi tanınmasını qəbul edə bilməz".
-Ukraynanın NATO-ya qoşulmaq arzusu bu tələblərlə ziddiyyət təşkil edəcəkmi?
"Əslində, NATO ilə Ukrayna bu gün əməkdaşlıq edir. Əgər Rusiya Ukraynanın qəbul edə biləcəyi şərtlər irəli sürərsə, ola bilsin ki, o halda Ukrayna NATO məsələsində də uzlaşa bilər. Amma artıq Rusiyanın şərtləri elədir ki, xüsusilə ərazi bütövlüyünə qəsd məsələsi var. Ona görə də, deməli, bu razılaşmanın gerçəkləşməsi mümkün deyil. Bu halda da Ukrayna, yəqin ki, NATO ilə əməkdaşlığa davam edəcək və hətta imkan olarsa, NATO-ya üzv olmaq da istəyir. Lakin NATO-nun özünün də gələcəyi ilə bağlı kifayət qədər sorğular var. Ona görə də bu günlərdə ən vacib məsələ Ukraynanın döyüşlərdə fəal iştirak etməsi, yəni Rusiyanın hücumlarının qarşısını ala bilməsidir. Yəni daha çox Ukrayna danışıqlarla deyil, mübarizə üçün özünün müdafiə gücünü artırmaqla məşğuldur. Anlaşılan odur ki, hələ yaxın zamanlarda nə Rusiya, nə də Ukrayna cəbhəsində atəşkəs, və yaxud da sülh gözlənilir".
Ayşən Səlimova
