Bu gün:

Hindistanda yaranan “Gymkhana” nədir?


Dar trayektoriyalar, konuslar, driftlər və zamanla yarış... İlk baxışda avtomobil yarışı kimi görünən Gymkhana əslində sükan arxasında icra edilən bir növ rəqsdir. Bəs bu idman növünün mənşəyi haradandır? Hansı ölkələr onu bu günkü halına gətirib? Və nə üçün bu qədər geniş yayılıb?

Gymkhana termini XIX əsrin əvvəllərində Hindistanda yaranıb. Bu Britaniya ordusunun zabitləri üçün təşkil olunan atüstü bacarıq yarışları idi. Atla hədəfə nişan alma, slalom, nümayiş xarakterli manevrlər – bütün bunlar həm əyləncə, həm də təlim xarakteri daşıyırdı. Müasir Gymkhana-nın ilkin forması da məhz bu idi: atlı oyunlar.

“Gymkhana” sözü Hind-İngilis mənşəlidir. Bəzi tədqiqatçılara görə, bu söz sanskrit dilindəki “gend-khana” ifadəsindən – yəni “oyun meydanı” mənasından götürülüb. Digər bir versiyada isə bu termin qədim yunan dilindəki “gymnasium” (idman zalı) və urdu dilindəki “khana” (yer, məkan) sözlərinin birləşməsindən yaranıldığın düşünülür Zamanla bu anlayış yalnız yarışları deyil, eyni zamanda sosial idman klublarını da ifadə etməyə başladı. Filmlərdə və seriallarda yaşlı, varlı şəxslərin golf klublarında vaxt keçirdiyi səhnələr tanışdırsa, bu anlayışı həmin mənzərə ilə müqayisə etmək olar.

1950-ci illərdə Yaponiyada bu konsepsiya mühərrikli idmanlara tətbiq edilməyə başlandı və müasir Gymkhana bu dövrdə formalaşdı. Yapon sürücülər üçün bu idman refleks, balans və nəzarət bacarıqlarını inkişaf etdirmək vasitəsi idi. Xüsusilə ralli pilotları Gymkhana ilə yetişirdilər.

Məşhur ralli sürücüsü Ken Block-un şou xarakterli Gymkhana videoları bu idmanın əvvəlcə ABŞ-də, daha sonra isə bütün dünyada yayılmasına səbəb oldu. Onun mürəkkəb, effektli və kinoya bənzər sürüş nümayişləri dünya miqyasında böyük maraqla qarşılandı və geniş izləyici kütləsi qazandı.

Lakin Gymkhana bir sürət yarışı deyil. Hətta təsadüfi drift nümayişi də hesab olunmur. Bu idmanın məqsədi – səhvsiz, dəqiq və tam nəzarət altında olan sürüş texnikasını nümayiş etdirməkdir. Başqa sözlə, burada əsas məsələ sürətlə deyil, düzgünlük və ustalıqla hərəkət etməkdir.

Peşəkar Gymkhana sürücüsünün refleksləri ildırım sürətində olmalı, avtomobilinə isə tam nəzarət etməlidir. O sükanı, qaz və əyləc pedallarını sanki bədəninin bir uzvu kimi hiss etməli və idarə etməlidir. Çünki bu idman yüksək manevr qabiliyyəti, sürətli reaksiya və balanslaşdırılan idarəetmə sistemi tələb edir. Hər avtomobillə Gymkhana mümkün deyil. Bu yalnız texniki baxımdan yüksək göstəricilərə malik nəqliyyat vasitələri ilə mümkündür.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et