İspaniya II Divizionunda çıxış edən "Real Oviedo" əlavə vaxtda baş tutan görüşdə "Mirandes" üzərində qələbə qazanaraq La Liqa vəsiqəsini təmin edib. 24 ildən sonra elitaya qayıdan klubun bu uğurunda İspan futbolunun simalarından biri olan Santi Kazorlanın rolu xüsusi qeyd olunur. O, futbol karyerasına başladığı "Real Oviedo"nu zirvəyə qaytararaq öz nağılını tamamlamış oldu.

La Liqaya yüksələcək son komandanın müəyyənləşəcəyi pley-off finalının cavab görüşündə "Real Oviedo" doğma meydanda "Mirandes"i qəbul edib.
Finalın ilk oyununu 1:0 hesabı ilə qazanan "Mirandes" ikinci qarşılaşmaya üstünlüklə başlasa da, "Real Oviedo" 39-cu dəqiqədə Santi Kazorlanın penalti zərbəsindən vurduğu qolla hesabı açıb və ilk hissə bu nəticə ilə başa çatıb.
Ev sahibi komanda 52-ci dəqiqədə İlyas Çairanın qolu ilə üstünlüyü iki topa çatdırıb. Qonaqlar 74-cü dəqiqədə Serxio Postiqonun qolu ilə hesabı 2:1-ə gətirərək ümumi nəticədə bərabərlik yaradıb. Beləliklə, matç əlavə vaxta keçib.
Əlavə vaxtda, 103-cü dəqiqədə Fransisko Portillo Solerin vurduğu qolla "Real Oviedo" bir daha fərqi artırıb. Oyunun 119-cu dəqiqəsində David Kostas qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. 120 dəqiqəlik qarşılaşma 3:1 hesabı ilə "Oviedo"nun qələbəsi ilə yekunlaşıb və komanda La Liqaya yüksələn son klub olub.
Mövsümü "Levante" və "Elche"nin ardınca üçüncü pillədə başa vuran "Real Oviedo" 24 ildən sonra yenidən La Liqa səhnəsinə qayıdıb.
Komanda sonuncu dəfə 2000/2001 mövsümündə La Liqada çıxış edib, həmin mövsüm 18-ci yeri tutaraq aşağı dəstədə yer alıb. Klub sonradan bir neçə il üçüncü liqada da mübarizə aparmalı olub.
İspan futbolunun önəmli simalarından olan Santi Kazorla futbol həyatına başladığı "Real Oviedo"nun La Liqaya dönüş mövsümündə əsas fiqurlardan biri olub.
Maliyyə çətinlikləri səbəbilə 2003-cü ildə klubdan ayrılmaq məcburiyyətində qalan Kazorla 2023-cü ildə geri qayıdıb. Daha öncə verdiyi bir müsahibəsində Kazorla "Real Oviedo"nun ona yaxşı maaş təklif etdiyini, lakin bunu qəbul etmədiyini və maaş almadan da oynaya biləcəyini deyib.
Lakin La Liqa qaydalarına əsasən bunun mümkün olmadığından, klubun ona minimum əmək haqqı olan 90 min avro ödəməsi qərara alınıb. Əlavə olaraq, Kazorlanın forma satışından əldə edilən gəlirin 10%-nin klub akademiyasına ayrılması barədə razılıq əldə olunub.
Məşhur futbolçu həmin müsahibəsində belə deyib:
"Xoşbəxtlikdən uğurlu bir karyeram oldu. İstədiyim son şey klubum üçün yük olmaq idi. Bu şərtlər mənə uyğundur. Pulsuz oynayaram, amma qaydalara riayət etməliyik. Uşaq vaxtı oynamağı arzuladığım Oviedoya dönmək uzun illərdir ağlımda idi. İndi geri döndüm və bacardığım qədər kömək etməyə çalışıram."
Santi Kazorla bu mövsüm ərzində 35 oyunda forma geyinərək 5 qol və 5 assistlə yadda qalıb.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
