Olimpiya oyunları tarixən sülh, birlik və dostluğun simvolu sayılsa da, siyasət bu oyunlara dəfələrlə qarışıb. 1936-cı ildə keçirilən Berlin Olimpiadası bu baxımdan, xüsusilə diqqət çəkib. Bu oyunlar hələ Nasistlər hakimiyyətə gəlməzdən əvvəl Almaniyaya verilsə də, Hitler rejimi Olimpiya arenasını irqçi təbliğat vasitəsinə çevirib.

Qərb ölkələrində, o cümlədən ABŞ-də Almaniyanın yəhudilərə qarşı siyasətinə etiraz olaraq boykot çağırışları edilib. ABŞ-də bu məsələ uzun müddət müzakirə olunub, amma nəticədə, idman təşkilatları boykotu rədd edib və idmançıların yarışa qatılmasına icazə verilib. Prezident Ruzvelt isə bu məsələyə qarışmayaraq məsuliyyəti ABŞ Olimpiya Komitəsinə buraxıb.
Yarışlar zamanı yəhudi-amerikalı iki idmançı – Marti Qlikman və Sem Stoller – estafet yarışından kənarlaşdırılıb, bu da Hitleri narahat etməmək istəyi ilə əlaqələndirilib. Onların əvəzinə yarışa qatılan afro-amerikalı Cessi Ovens isə 4 qızıl medal qazanaraq Almaniyanın “ağ irq üstünlüyü” ideologiyasını darmadağın edib. Ovensin uğuru tarixi hadisəyə çevrilsə də, nə Hitler, nə də Ruzvelt ona şəxsi təşəkkür göndərməyib.
İllər sonra, 2016-cı ildə Prezident Barak Obama həmin olimpiadada iştirak etmiş afro-amerikalı idmançıların ailələri ilə görüşərək onların fədakarlığını yüksək qiymətləndirib.
Mənbə: Abraham Lincoln Presidential Library and Museum
Tərcümə etdi: Arzu Qafarova
