“İnter”in baş məşqçisi Kristian Kivu, Hakan Çalhanoğlu ilə bağlı yayılan transfer iddialarına münasibət bildirib. O, həmçinin milli futbolçunun zədəsi ilə bağlı son durumu da açıqlayıb.

FIFA Klublararası Dünya Kubokunda “İnter” ikinci oyununu Yaponiyanın “Urawa Red Diamonds” komandası ilə keçirəcək. Turnirdə ilk matçında Meksikanın “Monterrey” klubu ilə heç-heçə edən A seriyası təmsilçisi bu dəfə mütləq qələbə qazanmağa çalışacaq.
Simone İnzaghinin ayrılmasından sonra komandanın sükanı arxasına keçən Kristian Kivu “Urawa Red Diamonds” oyunu öncəsi DAZN platformasının suallarını cavablandırıb. Görüş öncəsi gündəmi zəbt edən məsələlərdən biri də Hakan Çalhanoğlunun “Qalatasaray”a mümkün transferi olub.
Bu məsələ ilə bağlı sualı cavablandıran Kivu bildirib:
“O, bu komandanın liderlərindən biridir və bu, aydın görünür. Meydanda olmasa belə, işinə yanaşması və komandadakı duruşu məni qane edir. Onu daim komandaya aid hiss edirəm. Zədəsi ilə bağlı müəyyən narahatlıq var. Lakin əlindən gələnin ən yaxşısını edərək sağalmağa çalışır".
Transfer ehtimalları ilə bağlı isə baş məşqçi belə deyib:
“Transfer söz-söhbətləri ilə bağlı hələ onunla danışmaq imkanım olmayıb. Nə doğrudur, nə yanlışdır – bunu dəqiq bilmirəm. Amma gördüyüm odur ki, diqqətini komandaya və turnirə yönəldib. Özünü hazır vəziyyətə gətirmək və qısa zamanda meydanlara dönmək üçün çalışır".
Qeyd edək ki, Hakan Çalhanoğlu ötən mövsüm “İnter” formasında 47 oyuna çıxaraq 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, zədə səbəbindən Klublararası Dünya Kubokunun ilk qarşılaşmasında iştirak edə bilməyib.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
