Edibə Subaşı Türk aviasiya tarixində iz qoymuş ilk qadın akrobatikaçı pilot kimi yadda qalıb. O hələ uşaqlıq yaşlarında aviasiya ilə maraqlanmağa başlayıb, ilk olaraq planerlə uçuşlar edib, daha sonra isə mühərrikli təyyarələrlə havaya qalxmağa davam edib. Edibə Subaşı 104 dəfə paraşütlə tullanaraq dünyanın müxtəlif ölkələrində Türk bayrağını səmalarda dalğalandırıb. Afina, Hollandiya, Almaniya və ABŞ kimi ölkələrdə nümayiş etdirdiyi uçuş bacarıqları ilə izləyiciləri heyran qoyub.

Edibə Subaşı Hava Qurumu tərəfindən təşkil edilən planerlə uçuş düşərgəsi üçün keçirilən seçimlərdə bütün Türkiyə üzrə seçilən səkkiz nəfərdən biri olub. Qeyd etmək lazımdır ki, həmin seçimlərdə yeganə qadın iştirakçı məhz Edibə idi. O, təlim keçmək üçün İnönüyə göndərilib və burada paraşütlə tullanıb, planerlə uçub, “C dərəcəli vəsiqə”ni qazanıb. Ailəsi onun müəllim olmasını istəsə də, Edibənin arzusu səmalarda idi.
Türkkuşu aviasiya məktəbində müəllimliyə namizəd kimi üç il təhsil alıb. Yay aylarında düşərgələrdə, qışda isə Ankarada nəzəri və praktiki biliklərə yiyələnib. Daha sonra mühərrikli təyyarələrlə uçuş təlimlərinə keçib. O yalnız planerlə deyil, həm də mühərrikli təyyarələrlə uçuş, paraşütlə tullantılar və akrobatika sahəsində ixtisaslaşıb. Səssiz planerləri daha üstün tutub, çünki o, səmanı hiss edərək təbiətlə vəhdətdə uçmağın həqiqi uçuş olduğuna inanıb.
1954-cü ildə Yunanıstanda keçirilən hava nümayişində Edibə Türk Yuqoslav və Yunan komandaları arasında iştirak edən yeganə qadın aviasiya nümayəndəsi idi. Təyyarədən paraşütlə tullandıqdan sonra akrobatik manevrlər göstərən yeganə pilot kimi çıxış edib. Yunanıstan Hava Nazirliyinin müavini onun çıxışını “Yunan qızlarına nümunə” olaraq qiymətləndirib. Hətta tədbirdə iştirak edən Yuqoslaviya heyətində belə qadın pilot yox idi.
Edibənin akrobatik uçuş hərəkətlərini təlimçisi ilə birlikdə xüsusi olaraq planlaşdırıb. Onun üçün xüsusi uçuş marşrutu hazırlanıb: iki dəfə sağa və sola “Viril”, bir “Lupinq”, iki “Tono”, bir “İmmelmann” və yenidən “Viril”lərlə tamamlanma. Bu manevrləri qüsursuz şəkildə yerinə yetirən Edibə Subaşı Türk bayrağını səmalarda təmsil edib.
1957-ci ildə baş verən planerlə uçuş zamanı qəza nəticəsində ciddi bədən xəsarətləri alıb. Təcrübəsiz şagirdinin səhvini öz həyatını riskə ataraq düzəltməyə çalışıb. İki planerin toqquşmaq üzrə olduğu anda qəfil qərarla idarəetməni əldən verərək özünü təhlükəyə atıb. Qəzadan 22 sümük sınığı ilə sağ çıxıb, üç ay xəstəxanada müalicə olunub, 15 dəfə əməliyyat keçirib. Sol qolunda hissiyyat pozulub, eşitmə qabiliyyəti zəifləyib, ayağında isə sinir zədələnməsi baş verib.
Lakin onun üçün ən böyük zərbə illər boyu xidmət etdiyi aviasiya qurumları tərəfindən deyil, Sosial Sığorta Qurumu (SSK) tərəfindən “silindr maşinisti” kimi pensiyaya göndərilməsi olub. Aldığı 220 lirə maaş üçün hüquqi mübarizə aparıb. Bir ildən sonra onun “təhlükəli işçi” kateqoriyası üzrə pensiyaya çıxmasına qərar verilib.
Edibə Subaşı həyatının sonunadək gənclərlə görüşməkdən və aviasiyanı təbliğ etməkdən imtina etməyib. Ümumilikdə 104 paraşüt tullantısı həyata keçirib. Niderland, Fransa, İtaliya və ABŞ kimi ölkələrdə dəfələrlə göylərdə Azərbaycan və Türkiyənin adını ucaldıb. 2005-ci ildə qazandığı medallarını Türk Hava Qurumu Muzeyinə hədiyyə edib. 2011-ci ildə vəfat etdikdən sonra onun adı aviasiya tarixində qızıl hərflərlə yazılıb.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
